“Hörmüz boğazı qlobal iqtisadiyyata təsir göstərən nəqliyyat qovşaqlarından biridir və nəzərə alaq ki, həm enerji məhsullarının daşınmasında, həm də bir sıra malların boğaz vasitəsilə daşınmasında mühüm paya malik olan nəqliyyat qovşağıdır. Sözsüz ki, qlobal iqtisadiyyata Hörmüz boğazının bağlı qalması və ya bu boğaz vasitəsilə daşınmalarda yaranan çətinliklər təsir göstərməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bütün bunlarla yanaşı, qlobal iqtisadiyyatın da mərhələli şəkildə Hörmüz boğazındakı çətinliklərə uyğunlaşması müşahidə olunur:
“Artıq biz neftin dünya bazar qiymətində də artımlar müşahidə edirik. Hazırda neftin bir barelinin qiyməti 90 dollara yaxındır. Bu o deməkdir ki, Hörmüz boğazındakı vəziyyət strateji məhsulların qiymətlərində artımlarla müşahidə olunur.
Amma bunun qlobal böhrana gətirib çıxaracağı gözlənilmir. Bu, qlobal iqtisadiyyata təsir göstərib və göstərəcək, amma praktik olaraq, Hörmüz boğazındakı çətinliklər hələlik qlobal böhran üçün hər hansı bir risk yaratmır.
Təbii ki, biz bir sıra məhsulların qiymətlərində artımlar müşahidə edirik. Qlobal bazarda qiymət artımlarının müşahidə olunmasına baxmayaraq, hazırda qlobal iqtisadiyyatda ciddi böhran riskləri yoxdur. Amma sözsüz ki, qlobal iqtisadi artımda proqnozlaşdırılan göstəricilərə nail olunmasında çətinliklər var.
Ona görə də Hörmüz boğazındakı çətinliklər birmənalı şəkildə qlobal iqtisadiyyata təsir göstərir, amma bu, ciddi böhranın yaranacağı anlamına gəlmir”.