Kanadada baş verən maraqlı hadisə sərnişin reysinin ləğv olunması ilə nəticələnib. Victoria–Toronto marşrutu üzrə uçuşa hazırlaşan təyyarədə azyaşlı sərnişinin təhlükəsizlik kəmərini taxmaqdan imtina etməsi səbəbindən reys həyata keçirilə bilməyib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarə uçuşa hazırlaşarkən uşaq oturacağında ayağa qalxaraq təhlükəsizlik kəmərini bağlamaqdan imtina edib. Ekipaj və valideynin onu razı salmaq cəhdləri nəticəsiz qalıb. Təhlükəsizlik qaydalarına əsasən, təyyarə bu vəziyyətdə havaya qalxa bilmədiyi üçün yenidən terminala qaytarılıb.
Baş verən gecikmə nəticəsində hava limanının gecə saatlarında uçuş-eniş zolağının bağlanma vaxtı keçib və buna görə reys tamamilə ləğv olunub. Bütün sərnişinlər növbəti günün uçuşlarına yönləndirilib.
Aviaşirkət açıqlamasında bildirib ki, "təyyarə bu cür təhlükəli şəraitdə havaya qalxa bilməzdi". Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi sərnişinlər uşağın aqressiv davranmadığını, sadəcə uçuş qorxusu yaşadığı üçün oturacağın altında gizlənməyə çalışdığını iddia ediblər.