"Azərbaycanın ABŞ-la əlaqələri strateji gündəlik əsasında genişlənir" - POLİTOLOQ

11 Avqust 2026 13:50 (UTC+04:00)

"2025-ci il 8–9 avqust tarixlərində Prezident İlham Əliyevin ABŞ səfəri və Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, burada əsas məsələ təkcə yüksək səviyyəli siyasi təmas deyil, iki ölkə arasında münasibətlərin daha geniş strateji gündəlik üzərində qurulmasıdır:

"Vaşinqton görüşləri Azərbaycanı ABŞ üçün Cənubi Qafqazda yalnız enerji tərəfdaşı deyil, regional təhlükəsizlik, nəqliyyat və geosiyasi sabitlik baxımından mühüm aktor kimi önə çıxardı.

Səfərin Azərbaycan–Ermənistan sülh gündəliyi baxımından ən mühüm nəticəsi uzun illər davam edən qarşıdurmanın artıq yeni regional əməkdaşlıq modeli ilə əvəzlənməsi istiqamətində konkret siyasi çərçivənin formalaşmasıdır. Sülh sənədinin paraflanması, Minsk prosesinin aradan qaldırılması və tərəflərin münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar göstərdi ki, regionda əvvəlki status-kvo artıq öz siyasi əhəmiyyətini itirib. Bu baxımdan Vaşinqton Azərbaycanın hərbi-siyasi nəticələrinin diplomatik müstəvidə möhkəmləndirilməsi baxımından da mühüm mərhələdir.

Digər tərəfdən, TRIPP layihəsi hadisənin yalnız sülh gündəliyi ilə məhdudlaşmadığını göstərir. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək bağlantının daha geniş beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası Bakının tranzit və logistika əhəmiyyətini ciddi şəkildə artıra bilər. Beləliklə, Azərbaycan regional proseslərdə sadəcə iştirak edən deyil, yeni kommunikasiya və iqtisadi əlaqələrin formalaşmasına təsir edən dövlət mövqeyinə yüksəlir.

ABŞ–Azərbaycan münasibətlərindəki transformasiya bütövlükdə Cənubi Qafqazın geosiyasi arxitekturasına təsir edə bilər. Vaşinqtonun iqtisadi və strateji maraqlarının regionda artması Azərbaycanı Qərblə Mərkəzi Asiya arasında mühüm bağlantı nöqtəsinə çevirir. Bu isə həm Rusiya və İranın regiondakı ənənəvi təsir mexanizmlərinə yeni reallıqlar gətirir, həm də Türkiyənin regional rolunu gücləndirir.

Əsas məsələ bundan sonrakı mərhələdə siyasi razılaşmaların real iqtisadi layihələrə, dayanıqlı sülh mexanizmlərinə və qarşılıqlı maraqlara əsaslanan regional əməkdaşlığa çevrilməsidir. Əgər bu proses ardıcıl şəkildə davam etdirilərsə, Vaşinqton görüşləri Azərbaycan–ABŞ münasibətlərində dönüş nöqtəsi olmaqla yanaşı, Cənubi Qafqazın əvvəlki qarşıdurma məkanından yeni geoiqtisadi əməkdaşlıq platformasına çevrilməsinin başlanğıcı kimi də tarixə düşə bilər".