"Ayinlərə həddindən artıq inanmaq insanın rasional düşüncəsinə təsir edə bilər" - PSİXOLOQ DANIŞDI

11 Avqust 2026 13:43 (UTC+04:00)

"Ümumiyyətlə, Azərbaycan xalqı hər zaman müəyyən adət-ənənələrə riayət edən xalq olub. Lakin bəzi inanclar var ki, onlar yalnız bayramlarda, xüsusilə Novruz bayramında və digər müəyyən mərasimlərdə tətbiq olunur. Bu qaydalar və inanclar əsasında formalaşan müəyyən davranışlar mövcuddur".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, qıfıl bağlayıb suya atmaq və yaxud hər hansı duanı, sözü müəyyən bir əşyanın içərisinə yerləşdirərək dənizə atmaq, qıfıllamaq, bağlamaq kimi davranışların konkret folklor köklərinə bağlı olduğunu düşünmürəm:

"Burada daha çox insanların inancları və illər ərzində formalaşdırdıqları müəyyən ayinlər özünü göstərir.

Bəzi insanlar bu cür ayinləri həyata keçirdikdən sonra həyatlarında müəyyən müsbət nəticələrin baş verdiyini düşünürlər. Bəzilərində isə bu, heç bir nəticə vermir. Lakin həmin davranışlar davamlı olaraq təkrarlandığına görə insanlarda belə bir düşüncə formalaşır ki, əgər iki-üç dəfə nəticə alınmayıbsa, dördüncü və ya beşinci dəfə mütləq nəticə əldə olunacaq.

Bu cür inanclar zamanla insanın düşüncə tərzinə təsir edir və onun davranışlarında da dəyişikliklər yarada bilir. Mən düşünürəm ki, ümumiyyətlə, bu cür ayinlər sağlam düşüncə baxımından qəbul edilməməlidir. Çünki insanlar artıq qədim sivilizasiyaların dövründən çox fərqli şəkildə inkişaf ediblər. İnsan beyni məlumatı daha düzgün qavraya, təhlil edə və səbəb-nəticə əlaqələrini daha yaxşı müəyyənləşdirə bilir.

Bu baxımdan belə inanclar, əslində, xurafat xarakteri daşıyır. Bu cür davranışlar insanların vaxtını və enerjisini alır, onları müəyyən mənada real problemlərin həllindən uzaqlaşdıra və hətta demotivasiya edə bilər.

Daha ciddi hallarda isə insan eyni hərəkətləri təkrar-təkrar etməyə və hər dəfə müəyyən nəticə gözləməyə başlaya bilər. Bu da zamanla obsesiv-kompulsiv davranışlara qədər gətirib çıxara bilər. Ona görə də insanların bu cür inanclara kor-koranə bağlanması əvəzinə, baş verən hadisələrə daha rasional və məntiqli yanaşması daha doğru olar".