“Quraqlıq uzun müddət davam etsə, su qıtlığı ilə üzləşə bilərik” - EKOLOQ

11 Avqust 2026 12:35 (UTC+04:00)

"Quraqlıq, əlbəttə, uzun müddətdir, təxminən bir ay yarıma yaxındır davam edir".Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sadiq Həsənov bildirib.

Onun sözlərinə görə, havalar quraq keçir, mövsüm ərzində demək olar ki, yağış yağmır. Ümumi temperaturun yüksəlməsi buxarlanmanın həcmini artırır: "Məsələn, normal halda bu göstərici 8–10 faiz həddindədirsə, belə isti havalar keçəndə 15 faizə, bəzən isə daha yüksək həddə qədər arta bilir. Bu da dağların zirvəsində olan qarların əriməsinə səbəb olur.

Nəticədə torpaqda və axan çaylarda suyun həcmi azalır. Çünki buxarlanma gedir, eyni zamanda tələbat artır. Yay mövsümü əkinin inkişaf etdiyi və bitkilərin vegetasiya dövrü olduğu üçün suya ehtiyac həddindən artıq çox olur. Beləliklə, həm tələbat artır, həm də su ehtiyatları azalır.

Əgər bu vəziyyət uzunmüddətli xarakter alsa, Azərbaycanda su qıtlığı ilə üzləşə bilərik. Çünki bizim su ehtiyatlarımız o qədər də yüksək deyil. Bu, kənd təsərrüfatına, içməli su təminatına və əkinçiliyə kifayət qədər ciddi təsir göstərə bilər.

Eyni zamanda quraqlıq artdıqca bitkilərin suya tələbatı da artır. Məsələn, normal halda əkin sahəsini bir dəfə suvarmaq kifayət edirdisə, indiki şəraitdə ən azı iki dəfə suvarmağa ehtiyac yaranır. Burada suya qənaət sistemi ön plana çıxır. Əks halda, elə bir vəziyyət yarana bilər ki, əhalinin hamısını kifayət qədər su ilə təmin etmək mümkün olmasın.

Su səviyyəsinin təxminən iki metrə qədər azalması onu göstərir ki, son bir ay yarım ərzində su ehtiyatlarımız xeyli aşağı düşüb.

Amma quraqlığın bu mərhələdə biomüxtəlifliyə o qədər də ciddi təsiri yoxdur. Çünki biomüxtəliflik müxtəlif canlıların inkişafını əhatə edir. Flora əsasən günəş enerjisindən istifadə etdiyi üçün onun inkişafı sürətlənir. Fauna isə flora ilə qidalanan canlıların inkişafı hesabına öz qida mənbələrini tapır və yaşayışını davam etdirə bilir.

Biomüxtəlifliyə ciddi təsir yalnız o halda baş verə bilər ki, quraqlıq uzun müddət davam etsin, su ehtiyatları daha da azalsın, canlıların yaşadığı areallar – göllər, çaylar və digər su hövzələri qurusun. Bu zaman köçəri quşların və digər canlıların qidalanması və yaşayışı çətinləşər ki, bu da biomüxtəlifliyə ciddi mənfi təsir göstərə bilər.

İndiki vəziyyətdə isə bunu normal hesab edirəm. Düşünürəm ki, yaxın vaxtlarda yağışlar başlayacaq, hava şəraiti normallaşacaq və uzunmüddətli quraqlığın təsirləri tədricən zəifləyəcək".