Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında gömrük prosedurlarının sadələşdirilməsi, orta dəhliz boyu yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi müzakirə olunub.
SİA Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Azərbaycan və Türkiyənin gömrük xidmətlərinin Gömrük Mühafizə Baş İdarəsinin rəis müavini Yaşar Baltacının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Görüşdə iki ölkənin gömrük orqanları arasındakı münasibətlərdən, birgə həyata keçirilən layihələrdən, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması istiqamətində görülən işlərdən məmnunluqla bəhs edilib.
Həmçinin görüşdə tranzitin sürətləndirilməsi istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri DGK-nın Akademiyasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Kinoloji Mərkəzdə də olublar.
Gömrük işi sahəsində aparılan elmi araşdırmalar, institusional yanaşmalarla tanış olan nümayəndə heyətinin üzvlərinə gömrük orqanlarının kinoloji sahədəki fəaliyyəti, eyni zamanda hava nəqliyyatında gömrük işinin təşkili barədə ətraflı məlumat verilib, gömrük sahəsində hüquqpozmalar, risklərin idarə olunması, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.