"Sözsüz ki, bu, müsbət bir haldır ki, Formula 1 Azərbaycanda, Bakıda keçirilir. Baxırıq ki, hər il, təkcə 2024-cü il deyil, 2025-ci ildə də artımlar müşahidə olunur".Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli bildirib.

Onun sözlərinə görə, beynəlxalq göstəricilərə, beynəlxalq təşkilatların hesabatlarına görə də baxırıq ki, həm turistlərin sayı artır: "Təkcə 2024-cü ildə 2023-cü illə müqayisədə artım olmuşdu. Turistlərin xərclədiyi vəsaitlər də artmışdı və s. Baxırıq ki, bəli, bu, müsbət bir haldır.
Lakin turizm elə bir sahədir ki, bir tədbirlə inqilabi dəyişikliklər gözləmək düzgün olmaz. Bu, kompleks şəkildə baş verir. Görürük ki, Azərbaycanda bir çox tədbirlər keçirilir. Həmçinin Formula 1-in keçirilməsi də özlüyündə müsbət imic yaradır.
Digər tədbirlərlə birlikdə kompleks şəkildə görürük ki, Azərbaycan hər il öz turizm imkanlarını genişləndirir və gələcək inkişaf baxımından da mən hesab edirəm ki, hər il artım tendensiyasını müşahidə edəcəyik.
Amma bu, ümumi imic və reputasiya formalaşdıran bir məsələdir. Görürük ki, bütün tələblərə uyğun şəkildə tədbirlər həyata keçirilir, turistlər gəlib maraq göstərirlər. Hətta gələcəkdə də Formula 1-in Sea Breeze-də keçirilə biləcəyini deyirlər.
Bütün bunlar kompleks şəkildə, hesab edirəm ki, Azərbaycanın, xüsusilə də Bakının turizm sahəsinin dayanıqlı inkişafına öz töhfəsini verir".