Bu iki ölkə arasında hazırki münasibətlərin səviyyəsini əks etdirir - ŞƏRH EDİLDİ

11 Avqust 2026 11:31 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edərək xoş sözlər söyləməsi, ilk növbədə müsbət haldır və iki ölkə arasında hazırki münasibətlərin səviyyəsini əks etdirir.

Bu sözləri SİA-ya açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Psixologiyda belə bir deyim var: hər bir insan təşəkkür etməyi bacarmalıdır. Pezeşkian xalqımızla bağlı müsbət ifadələr işlətmişdi və cənab Prezident öz növbəsində onun ünvanına xoş sözlərlə arzularını bildirdi. Liderlər tərəfindən səsləndirilən hər bir fikirin, dövlətlərarası münasibətlərin formalaşmasında əhəmiyyəti böyükdür:

“Xüsusilə İranın indiki çətin vəziyyətdə, Azərbatcanın siyasi, maddi-mənəvi dəstək son dərəcə əhəmiyyət kəsb edir. Son illər, qlobal güclər tərəfindən təzyiqlərə, təhdidlərə rəğmən, Azərbaycan qonşuluq prinsiplərinə sadiqliyini sübut etdi. İran əleyhinə heç bir layihənin icrasına imkan vermədi. İran bizim yaxın qonşumuzdur. Bu ölkə ilə münasibətlərin pozulması nə bizə, nədə ki, İrana lazım deyil. Əksinə, əməkdaşlığın səviyyəsini artırmaq lazımdır. Düzdür, İranın daxilində və xaricdə bunu istəməyən kifayət qədər qüvvələr var. Həmin qüvvələr davamlı və sistemli şəkildə Azərbaycanı hədələyir, əleyhimizə müxtəlif ziddiyətli bəyanatlar səsləndirirlər.

Yeri gəlmişkən vurğulamaq istərdim. Nə yaxşı ki, tarixin belə bir çətin dövründə Azərbaycanın Prezidenti İlham Əliyev, İranınkı isə, Məsud Pezeşkiandır. Məhz, bu iki Liderin müdrikliyi, uzaqgörənliyi sayəsində bir çox bəlaların qarşısı alındı.

Hesab edirəm ki, İslam Respublikası tarixində cənab Pezeşkianın özünə məxsus yeri var və gələcək nəsillər onun layiqli qiymətini verəcəklər.

Bir obyektiv gerçəklik də var ki, İran idarəetmə sistemindəki çətinliklərlə bağlıdır. Prezident fəaliyyət dairəsi məhduddur. Pezeşkian qonşularla, ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində daha çox uğurlar qazana, İranı inkişaf etdirə, irəli apara bilərdi. Əks-təsir güclü olduğundan problemlər çoxalır. Hər bir halda, əməkdaşlığız davam etdirilməli, üçüncü qüvvələrə aramıza nifaq salmağa imkan verməməliyik.

Belə bir deyim var: Dost dar gündə tanınar. Çətin günlərdə göstərilən dəstək heç vaxt unudulmur. İranla münasibətlərin inkişaf etdirilməsi üçün kifayət qədər sahələr mövcuddur. Energetikadan tutmuş, nəqliyyat-kommunikasiya, turizm, kənd təsərrüfatı, qarşılıqlı ticarət, təhlükəsizlik və s. sahələrinə qədər. İran təbii sərvətlər baxımından olduqca zəngin ölkədir. Gələcəkdə onların istismarında, nəqlində Azərbaycanın logistika imkanlarından bəhrələnə, dünya bazarlarına əlavə çıxış əldə edə bilər”.

Ayşən Vəli