“Azərbaycan–Ermənistan sülh prosesi regionda yeni reallıq yaradır” - ŞƏRH

10 Avqust 2026 16:58 (UTC+04:00)

“Azərbaycan ilə Ermənistan arasında cərəyan edən sülh prosesi Cənubi Qafqaz regionunun postmünaqişə dövründəki geosiyasi arxitekturasını müəyyən edən, beynəlxalq hüququn fundamental prinsip və normalarına söykənən tarixi bir transformasiya mərhələsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, onilliklər boyu davam edən hərbi təcavüz və torpaqların işğalı faktı 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində aradan qaldırılmış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş fərdi özünütəyin və özünümüdafiə hüququndan istifadə edərək öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir:

“Bu tarixi zəfər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin uzun illər kağız üzərində qalan 822, 853, 874 və 884 saylı qətnamələrinin bilavasitə Azərbaycan tərəfindən icra olunması ilə nəticələnmiş, beynəlxalq hüququn aliliyini praktik müstəvidə təsbit etmişdir.

Bu dövr ərzində, heç şübhəsiz ki, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan bütün strateji addımların, o cümlədən beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar raundlarının və sülh müqaviləsinin paraflanması səviyyəsinə çatdırılan diplomatik təşəbbüslərin konseptual müəllifi məhz Bakı və şəxsən cənab İlham Əliyev olub. Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş və beynəlxalq hüququn 1975-ci il Helsinki Yekun Aktında təsbit olunmuş suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və güc tətbiq etməmək kimi universal prinsiplərini əks etdirən 5 əsas şərt bütün postmünaqişə nizamlanmasının baza platformasına çevrilmiş, bu prinsiplər isə birmənalı formada tərəflərin bir-birinin suverenliyini tanımasını, qarşılıqlı ərazi iddialarından hüquqi müstəvidə tam imtina etməsini, dövlət sərhədlərinin delimitasiya və demarkasiya olunmasını, eləcə də regional nəqliyyat-kommunikasiya xətlərinin bərpasını nəzərdə tutmaqla, gələcək eskalasiya risklərini sıfıra endirmək məqsədi daşıyıb.

Ermənistanın rəsmi dairələrinin hazırda beynəlxalq arenada özlərini konstruktiv və sülhpərvər tərəf kimi qələmə vermək cəhdləri isə indiki halda müsbət məzmuna malik olsa da, yaxın keçmişin siyasi-hüquqi reallıqları və tarixi faktologiyası ilə tamamilə ziddiyyət təşkil edir. İkinci Qarabağ müharibəsinə qədərki dövrdə işğalçılıq siyasətini dərinləşdirməyə yönəlmiş "yeni müharibələr, yeni ərazilər" doktrinası, hərbi əməliyyatlar gedişində Cenevrə Konvensiyalarının tələbləri kobud şəkildə pozularaq Gəncə, Bərdə və Tərtər kimi cəbhə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinin raket və ağır artilleriya atəşinə tutulması, eləcə də 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatından sonra revanşist meyillərin saxlanılması İrəvanın sülh gündəliyinə səmimi yanaşmadığını sübut edir. Ermənistan rəhbərliyinin yalnız hərbi-strateji balansın tamamilə Azərbaycanın xeyrinə dəyişməsindən və separatizm yuvalarının birdəfəlik ləğv edilməsindən sonra reallığı qəbul etmək məcburiyyətində qalması rəsmi İrəvanın sülh masasına xoş məramla deyil, məhz hərbi-diplomatik məcburetmə mexanizmləri nəticəsində əyləşdiyini nümayiş etdirir.
Yəni dəyişməyən faktdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu dövlətimizi təkcə hərbi meydanda qalib tərəfə çevirməmiş, qlobal diplomatik müstəvidə də Cənubi Qafqazın yeni sülh arxitekturasının yeganə banisi kimi bərqərar etmişdir. Beynəlxalq hüquq normalarının tələblərinə tam cavab verən bu strategiya Ermənistanı destruktiv mövqeyindən əl çəkməyə və regional inteqrasiya proseslərinə daxil olmağa vadar etməklə, hüquqi baxımdan məcburedici və tarixi ədalətə söykənən yeni era başlatmışdır”.