"Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən silahlı qarşıdurmalar və digər regional münaqişələr beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsir göstərir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu proseslər fonunda dövlətlər xarici siyasət strategiyalarını yenidən nəzərdən keçirir, ikitərəfli və regional əməkdaşlığa daha çox üstünlük verirlər:
"Son günlərdə Pakistan–Türkiyə və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əldə olunan razılaşmanı da bu tendensiyanın nümunəsi kimi qeyd etmək olar. Eyni zamanda, Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni hərbi təşkilatın yaradılması ideyasını gündəmə gətirməsi də regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər.
Hazırda dünyada yeni siyasi nizamın formalaşması prosesi gedir. Dövlətlər mümkün müharibələrdən yayınmaq, milli təhlükəsizliyini və suverenliyini qorumaq məqsədilə xarici siyasətlərini, milli təhlükəsizlik strategiyalarını və müdafiə konsepsiyalarını yeni reallıqlara uyğunlaşdırmağa çalışırlar. Əvvəlki dünya siyasi nizamı ciddi transformasiya olunur və yeni geosiyasi reallıqlar meydana çıxır.
Avropada da yeni hərbi-siyasi reallıqlara uyğunlaşma prosesi müşahidə edilir. NATO-nun gücləndirilməsi, Avropa ölkələrinin müdafiə imkanlarını artırması və hərbi xərclərin yüksəldilməsi bu istiqamətdə atılan addımlardandır. Bununla yanaşı, müxtəlif regionlarda qarşılıqlı təhlükəsizlik maraqlarına əsaslanan yeni əməkdaşlıq formatlarının və regional ittifaqların yaranması prosesi sürətlənir.
Afrikada davam edən və genişlənən münaqişələr də beynəlxalq təhlükəsizlik mühitinin nə qədər mürəkkəbləşdiyini göstərir. Bütün bunlar qarşıdakı illərdə dünya siyasi sistemində ciddi dəyişikliklərin davam edəcəyini deməyə əsas verir.
2035-ci ilə qədər yeni siyasi nizamın formalaşması prosesi daha da sürətlənə bilər. Bu çərçivədə dövlətlər xarici siyasətlərini, milli təhlükəsizlik strategiyalarını və müdafiə konsepsiyalarını dəyişən reallıqlara uyğunlaşdırmağa məcbur olacaqlar.
Qarşıdakı dövrdə əsas tendensiya yalnız qlobal güclər arasındakı rəqabətin deyil, eyni zamanda regional ittifaqların, müdafiə paktlarının və yeni təhlükəsizlik mexanizmlərinin daha da güclənməsi olacaq".