"Ermənistan Baş nazirinin Bakıya zəngi onun real proseslərdən məmnun olmasının əlamətidir. Paşinyan həm avqustun 8-də Amerikanın himayəsi altında Azərbaycanla imzalanan sənədlərdən ruhlanır, həm də Ermənistanın hazırda Azərbaycanla real sülh prosesinin içində olmasından və Ermənistanın dalan vəziyyətindən çıxmaq şanslarının getdikcə artmasından ruhlanır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Paşinyan indiyə qədər Ermənistanın həqiqətən dalan vəziyyətində olan bir ölkə olduğunu görür və başa düşür ki, Ermənistan bu ağır dalandan yalnız və yalnız Azərbaycanla həqiqi sülh prosesinin içərisindən keçərək azad ola bilər. Paşinyan eyni zamanda Azərbaycanın apardığı sülh siyasətinə bu gün dəstək verməyə məcburdur. Onun Bakıya zənginin bir əlaməti də Bakının başlatdığı və apardığı sülh prosesinə bundan sonra da dəstək vermək niyyətində olduğunu ifadə etməkdir:
"Təsadüfi deyil ki, Paşinyan İlham Əliyevə bu telefon zəngi ilə bərabər həm də erməni xalqına müraciət edib. Həmin müraciətdə o, Azərbaycan xalqını da 8 avqust razılaşması münasibətilə təbrik edib. Paşinyanın yanaşmasında düzgün mövqe ondan ibarətdir ki, 8 avqust razılaşması bölgəmizdə, eləcə də Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin dönməzliyinə çox etibarlı təminat verə bilər.
Bu nöqteyi-nəzərdən Paşinyanın Azərbaycanla sülh prosesini bundan sonra da davam etdirmək niyyətini ifadə etməsi təbii haldır. Paşinyan eyni zamanda Azərbaycanla bölgədə sülh prosesinin içərisində bir sıra ikitərəfli məsələləri də həll etməyə ümidli olduğunu ifadə edir.
Çünki təkcə sülh sazişinin imzalanması yox, həm də regiondakı bir sıra kommunikasiyaların açılması faktiki surətdə Azərbaycandan asılıdır. Ermənistan yaxşı başa düşür ki, bölgədəki kommunikasiya xətlərinin açılması baş verməsə, Ermənistan dalan vəziyyətindən çıxa bilməz.
Sülh sazişinin imzalanması Ermənistanın dalan vəziyyətindən çıxması yollarında böyük bir şans açacaq. Amma Ermənistanın dalandan çıxması və dünyaya açılması əsasən kommunikasiya xətlərindən və Zəngəzur dəhlizindən keçir. Bu nöqteyi-nəzərdən Paşinyan Bakıya etdiyi telefon zəngi ilə həm sülh prosesini, həm də bölgədə kommunikasiyaların açılması üçün gərəkən addımları bundan sonra da atmaq niyyətində olduğunu ifadə etmək istəyib.
Eyni zamanda, Paşinyanın bu zənginin arxasında dayanan niyyətlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı verdiyi vədlərin arxasında dayanmaq niyyətini ifadə etməkdir. Əlbəttə, bütün bunların nə dərəcədə etibarlı mesajlar olduğunu gələcək göstərəcək. Amma faktiki olaraq, Ermənistan bu gün dalan vəziyyətindən çıxmaq üçün Azərbaycanın imkanlarına söykənməkdən başqa çıxışa malik deyil.
Sülh prosesinin ən intensiv vaxtında Paşinyanın Qarabağdan getmiş ermənilərin və Ermənistandan qovulmuş azərbaycanlıların məsələsini eyni müstəvidə aktuallaşdırması doğru yanaşma deyil. Paşinyanın bu yanaşması yanlış olmaqla bərabər, həm də ziyanlı yanaşmadır.
Çünki Qarabağdan öz xoşuna, könüllü olaraq köçüb getmiş ermənilərlə Ermənistandan vaxtilə 250-300 min azərbaycanlının qovulmasını eyniləşdirmək qəti şəkildə yolverilməzdir. Ona görə də azərbaycanlıların, Ermənistandan qovulmuş azərbaycanlıların yenidən qayıdış hüququnu heç kim məhdudlaşdıra bilməz. Bu hüquq heç nə ilə məhdudlaşdırıla bilməz. Çünki onların öz ata-baba yurdlarından qovulması ən böyük tarixi ədalətsizlik və zülm idi. Onun qarşılığı yalnız onların düzgün şəkildə Ermənistana qayıdışı ilə təmin oluna bilər.
Amma Paşinyan, göründüyü kimi, Qarabağdan köçüb getmiş, könüllü şəkildə köçüb getmiş ermənilərin məsələsini Qərbi azərbaycanlıların qayıdışı ilə eyniləşdirməklə bir güllə ilə iki quş vurmaq istəyir. Həm azərbaycanlıların, qovulmuş azərbaycanlıların Ermənistana qayıdış hüququnun gündəmdən çıxarılmasına nail olmaq istəyir, həm də Ermənistanda bu gün onun hakimiyyətinə qarşı ən radikal mövqedən çıxış edən müxalifətin əsas silahlarından birini, yəni Qarabağdan getmiş ermənilərin qayıdışı məsələsini gündəmdən çıxarmaq istəyir.
Amma Paşinyanın öz müxalifəti ilə hansı formada danışacağı onun öz işidir. Özü bunu müəyyənləşdirməlidir. Qarabağdan getmiş ermənilərin məsələsini müxalifətlə tənzimləmə üsullarını Paşinyan özü tapmalıdır. Amma heç bir halda bunu Ermənistandan qovulmuş azərbaycanlıların qanuni haqlarının qurban verilməsi bahasına həyata keçirmək mümkün deyil və bu, olmamalıdır.
Ancaq, əlbəttə, Paşinyanın Qarabağ ermənilərinin və Ermənistandan qovulmuş azərbaycanlıların məsələsini eyniləşdirməsi bugünkü sülh prosesinə maneçilik törədir. Çünki Azərbaycanda heç kim, xüsusilə də Ermənistandan vaxtilə qovulmuş Qərbi azərbaycanlılar icmasında bir nəfər də olsun bu məsələni qəbul etmir.
Aydın məsələdir ki, Ermənistandan qovulmuş azərbaycanlılar ölkəmizdə indiki cəmiyyətin fəal hissələrindən biridir. Azərbaycan dövləti də öz siyasətini məhz həm bütün vətəndaşlarının, həm də Ermənistandan qovulmuş həmin icmanın maraqları üzərində qurur.
Belə şəraitdə Ermənistandan qovulmuş icma öz haqqına bu cür haqsız və ədalətsiz yanaşmanı Ermənistan tərəfindən heç cür qəbul edə bilməz. Azərbaycan dövləti də Qərbi azərbaycanlıların qayıdış hüququndan heç vaxt güzəştə getməz.
Aydın məsələdir ki, əgər Qərbi azərbaycanlıların qayıdış hüququ, ən azı hüquqi və siyasi müstəvidə tanınmasa, Azərbaycanın sülh sazişini imzalaması çox ziddiyyətli görünə bilər. Təbii ki, Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu həm hüquqi, həm də siyasi müstəvidə inkar etdikcə, Azərbaycanla Ermənistan arasında davamlı sülhün perspektivləri zəifləyir.
Əgər Ermənistan bu sülhün möhkəm olmasını istəyirsə, Qərbi azərbaycanlıların qayıdış hüququnu qəbul etməlidir. Qərbi azərbaycanlıların qayıdış hüququnu Qarabağdan könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ ilə bərabərləşdirmək olmaz".