“Rusiya–Ukrayna müharibəsi dörd ildən artıqdır davam edir və son hadisələr göstərir ki, hərbi qarşıdurma hələ də siyasi həll mərhələsinə keçə bilməyib. İyulun sonlarında Ukraynanın Kiyev və digər şəhərlərinə həyata keçirilən genişmiqyaslı Rusiya zərbələri münaqişənin intensivliyinin yüksək olaraq qaldığını göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 27 iyul tarixli iclasında da mülki əhali və infrastrukturun hədəfə alınması ilə bağlı ciddi narahatlıq ifadə olunub:
“Həmçinin tərəflər arasında diplomatik kanallar tam bağlanmayıb və Vaşinqtonun vasitəçiliyi ilə danışıqların bərpası istiqamətində səylər davam edir. Lakin əsas problem ondan ibarətdir ki, Moskva və Kiyevin sülhün şərtlərinə yanaşması hələ də prinsipial şəkildə fərqlənir. Belə ki, Ukrayna suverenliyi və ərazi bütövlüyünün qorunmasını, etibarlı təhlükəsizlik təminatlarını və atəşkəsi önə çəkir, Rusiya isə münaqişənin “əsas səbəblərinin” həllini və öz təhlükəsizlik tələblərinin nəzərə alınmasını tələb edir. BMT sənədlərində də tərəflərin əsas sülh şərtləri üzrə hələ uzaq mövqelərdə olduğu qeyd edilir. Belə bir şəraitdə müharibənin birdən-birə yekun siyasi sazişlə başa çatması real görünməsə də, gərginliyin mərhələli şəkildə azaldılması mümkündür. İlk növbədə mülki əhaliyə və kritik infrastrukturlara qarşı zərbələrin dayandırılması, humanitar məsələlər, əsir mübadiləsi və daha sonra beynəlxalq monitorinq mexanizmi ilə təmin olunan atəşkəs üzrə razılaşma əldə edilə bilər. Əslində, may ayında tərəflər arasında qısamüddətli atəşkəs və genişmiqyaslı əsir mübadiləsinin baş tutması belə məhdud razılaşmaların mümkün olduğunu göstərdi. Hazırkı mərhələdə əsas məsələ tərəflərdən birinin hərbi üstünlüyü deyil, danışıqlar masasında kompromis üçün kifayət qədər siyasi motivasiyanın formalaşdırılmasıdır. ABŞ-nin vasitəçilik imkanları, Avropanın təhlükəsizlik təminatlarında iştirakı və Türkiyənin Rusiya–Ukrayna dialoqunda malik olduğu diplomatik kanallar bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət daşıyır. Davamlı sülh üçün atəşkəs yalnız ilk mərhələ olmalı, ardınca ərazi məsələsi, təhlükəsizlik təminatları, sanksiyalar və müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturası üzrə danışıqlar aparılmalıdır. Nəticə etibarilə, son hadisələr müharibənin hələ başa çatmaqdan uzaq olduğunu göstərsə də, diplomatik imkanların tükənmədiyini də nümayiş etdirir. Ən real çıxış yolu isə hərbi qarşıdurmanın mərhələli şəkildə məhdudlaşdırılması, atəşkəsin beynəlxalq mexanizmlərlə təmin edilməsi və paralel olaraq fundamental siyasi məsələlərin danışıqlar yolu ilə həllinə başlanılmasıdır. Davamlı sülh yalnız silahların susması ilə deyil, tərəflərin təhlükəsizlik maraqlarını nəzərə alaraq gələcək yeni müharibələrin qarşısını alan siyasi mexanizmin yaradılması ilə mümkündür”.