"Paşinyanın Əliyevə zəngi birbaşa dialoqun əhəmiyyətini artırır" - POLİTOLOQ

10 Avqust 2026 14:39 (UTC+04:00)

"Avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə telefon zəngi Azərbaycan-Ermənistan münasibətlərində formalaşan yeni siyasi reallığın mühüm göstəricisi kimi qiymətləndirilə bilər".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, xüsusilə Vaşinqtonda əldə olunmuş razılaşmaların ildönümü fonunda baş tutan bu təmas tərəflərin sülh gündəliyini birbaşa dialoq vasitəsilə davam etdirmək niyyətini nümayiş etdirir:

"Bakı ilə İrəvan arasında birbaşa kommunikasiya kanalının işlək vəziyyətdə olması həm qarşılıqlı etimadın tədricən formalaşması, həm də mümkün fikir ayrılıqlarının vasitəçilərdən asılı olmadan müzakirəsi baxımından əhəmiyyətlidir. Bu, artıq münasibətlərin yalnız münaqişənin nəticələrinin müzakirəsindən çıxaraq gələcək əməkdaşlığın praktiki məsələlərinə yönəldiyini göstərir.

Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan prosesə hərbi-siyasi qələbədən sonra formalaşdırdığı yeni regional reallıqlar və güclü mövqe ilə daxil olur. Hazırkı mərhələdə sülh gündəliyinin irəliləməsi sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, TRIPP layihəsinin həyata keçirilməsi və bütövlükdə Cənubi Qafqazda iqtisadi inteqrasiyanın genişlənməsi üçün əlavə imkanlar yarada bilər. Paşinyanın Əliyevə zəngi həm də İrəvanın Bakı ilə birbaşa siyasi dialoqun alternativinin olmadığını daha aydın şəkildə qəbul etdiyini göstərir. Əgər bu dinamika konkret addımlarla davam etdirilərsə, Azərbaycan-Ermənistan münasibətlərində uzunmüddətli qarşıdurma modelindən qarşılıqlı maraqlara əsaslanan daha praqmatik münasibətlər sisteminə keçid sürətlənə bilər".