“Hazırda ABŞ–İran müharibəsində vəziyyət hərbi qarşıdurma ilə diplomatik manevrlərin paralel getdiyi son dərəcə həssas mərhələdədir. Son günlər əsas məsələ Hörmüz boğazı ətrafında cəmlənib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayaeva deyib.
Onun sözlərinə görə, ABŞ yeni genişmiqyaslı zərbələr ehtimalını gündəmdə saxlasa da, paralel olaraq danışıqlar kanalını açıq saxlayır:
“Oman vasitəsilə aparılan təmaslarda müəyyən irəliləyiş əldə edilib, lakin yekun razılaşma yoxdur. Tehran Hörmüzün tam açılmasını ABŞ-ın bir sıra güzəştlərinə, o cümlədən kompensasiya məsələsinə bağlayır və Vaşinqtonun siyasətini dəyişmədən boğazın əvvəlki rejimdə fəaliyyət göstərməyəcəyini bildirir. Bu səbəbdən hazırkı mərhələni müharibənin başa çatması deyil, tərəflərin hərbi təzyiq vasitəsilə danışıqlarda daha əlverişli mövqe qazanmağa çalışdığı mərhələ kimi qiymətləndirmək daha düzgündür.
Əsas təhlükə ondan ibarətdir ki, ABŞ və İran arasında razılaşmanın əldə olunmaması qarşıdurmanı yenidən daha geniş hərbi eskalasiyaya çevirə bilər. Hörmüz boğazı artıq yalnız İranın təhlükəsizliyi məsələsi deyil, dünya enerji bazarı, Körfəz ölkələrinin təhlükəsizliyi və beynəlxalq gəmiçilik baxımından böhranın mərkəzinə çevrilib. Bununla belə, həm Vaşinqtonun danışıqları davam etdirməsi, həm də Tehranın Oman vasitəçiliyindən imtina etməməsi tərəflərin hazırda tammiqyaslı və nəzarətdən çıxmış müharibədən yayınmağa çalışdığını göstərir. Yəni diplomatik pəncərə hələ bağlanmayıb, amma olduqca kövrəkdir; Hörmüzlə bağlı razılaşmanın taleyi ABŞ–İran qarşıdurmasının növbəti mərhələsini müəyyən edən əsas amillərdən biri olacaq”.