"Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.

Onun sözlərinə görə, Enerji infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən bu layihə ölkənin elektrik enerjisi sisteminin dayanıqlığının artırılması, bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yaşıl enerji hədəflərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır:
"Azərbaycan enerji siyasətində əsas diqqəti hasilat və ixrac imkanlarının artırılması ilə yanaşı, həm də daxili enerji sisteminin modernləşdirilməsinə və dayanıqlılığının gücləndirilməsinə yönəldib.
“Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi elektrik enerjisinin daha səmərəli ötürülməsinə, artan tələbatın qarşılanmasına və müxtəlif istehlak sahələrinin etibarlı enerji təminatına imkan verəcəkdir.
Azərbaycanın həm külək, həm də günəş enerjisi potensialı kifayət qədər yüksəkdir. Xəzərsahili ərazilər və Abşeron yarımadası külək enerjisi, ölkənin müxtəlif bölgələri, xüsusilə Qarabağ və Şərqi Zəngəzur günəş enerjisinin inkişafı üçün əlverişli imkanlara malikdir.
Hazırda Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmağı hədəfləyib. Xüsusilə yaşıl enerjinin enerji təminatındakı payının daha da yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır.
Onu da qeyd edim ki, son illər Azərbaycanın bərpaolunan enerji sektoruna iri beynəlxalq investorların marağı əhəmiyyətli dərəcədə artıb. “ACWA Power” və “Masdar” kimi aparıcı şirkətlər ölkənin müxtəlif regionlarında həyata keçirilən yaşıl enerji layihələrinə investisiya yatıraraq sektorun inkişafına mühüm töhfələr verirlər.
Ümumilikdə, “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və infrastruktur modernləşməsinə olan diqqətindən xəbər verir".