Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə imzalanan Birgə Müdafiə Sazişindən qısa müddət sonra Səudiyyə Ərəbistanına hücumlar həyata keçirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən “Aramco” neft emalı zavodunu, həmçinin Yəmənin Əl-Muha bölgəsində Səudiyyə qüvvələrinə məxsus hərbi obyektləri raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıblar.
Hücumlar nəticəsində Əl-Muha bölgəsində ən azı 7 nəfərin öldüyü, 35 nəfərin isə yaralandığı bildirilir.
Husilər Cizan şəhərində yerləşən dövlətə məxsus “Aramco” neft emalı zavoduna hücum etdiklərini açıqlayıblar. Onlar hücumun Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçuş aparatlarının Yəmənin hava məkanını pozmasına cavab olaraq həyata keçirildiyini bildiriblər.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi isə zavodda yanğın baş verdiyini təsdiqləyib. Nazirliyin məlumatına görə, yanğın söndürülüb və hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Gündəlik 400 min barrel neft emalı gücünə malik Cizan zavodu daha əvvəl də husilərin hücumlarına məruz qalıb. Səudiyyə Ərəbistanı hakimiyyəti iyulun 28-də baş verən hücumdan sonra zavodun fəaliyyətinin dayandırıldığını açıqlamışdı. Təmir işlərindən sonra zavodun ilkin mərhələdə avqustun 15-də yenidən fəaliyyətə başlaması planlaşdırılırdı. Husilərin digər hücumu Yəmənin Taiz vilayətinin Əl-Muha bölgəsində baş verib.
Məlumata görə, Səudiyyə Ərəbistanına məxsus hərbi mövqelər və silah anbarları ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
Hücumlar nəticəsində ən azı 7 nəfər ölüb, 35 nəfər yaralanıb. Husilərin hərbi sözçüsü Yəhya Səri bildirib ki, hücum Səudiyyə qüvvələrinin bölgədəki hərbi fəaliyyətlərinə cavab olaraq həyata keçirilib.
Bundan bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkədə üç ölkə arasında Birgə Müdafiə Sazişi imzalayıblar.
Sazişin əsas məqsədi üç ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığını gücləndirmək, regional və qlobal sülh, sabitlik və təhlükəsizliyə töhfə verməkdir.
Sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək.
Razılaşma həmçinin üç ölkənin bir-birinin təhlükəsizliyinə dəstək verməsini, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini və hərbi qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsini nəzərdə tutur.
Husilərin Səudiyyə Ərəbistanına qarşı son hücumları isə məhz bu sazişin imzalanmasından dərhal sonra baş verdiyi üçün regional təhlükəsizlik baxımından diqqət çəkən hadisə kimi qiymətləndirilir.