"İstehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Ümumiyyətlə, alınmış malın 14 gün müddətində dəyişdirilməsi və ya müəyyən hallarda ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı istehlakçının hüquqları qanunvericiliklə qorunur".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, əgər belə hallarda satıcı tərəfindən məhsulun dəyişdirilməsindən və ya vəsaitin geri qaytarılmasından imtina edilirsə, istehlakçı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək məsələnin araşdırılmasını və hüquqlarının müdafiəsini tələb edə bilər:
"Burada vacib məqamlardan biri də alışın rəsmi şəkildə həyata keçirilməsidir. Yəni, istehlakçının əlində ödənişi təsdiq edən kassa çeki və ya digər müvafiq sənədin olması onun hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan istehlakçılar alış zamanı ödənişi təsdiq edən sənədləri mütləq əldə etməli və saxlamalıdırlar. Qanunvericilikdə nəzərdə tutulan şərtlər mövcud olduğu halda, istehlakçı müəyyən müddət ərzində aldığı məhsulun dəyişdirilməsini və ya ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edə bilər".