Hazırda İranın ABŞ ilə heç bir müzakirəsi yoxdur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün Tehranda jurnalistlərə açıqlamasında deyib.
“Hazırda İran və ABŞ arasında məlumat mübadiləsi vasitəçilər tərəfindən davam etməkdədir. Vasitəçilər yenidən müzakirənin aparılması üçün yollar tapmağa çalışırlar”, -deyə o qeyd edib.
Əraqçi deyib ki, İranın qənaətincə, ABŞ tərəfindən İslamabad anlaşma memorandumunun pozulması halları dayandırılmazsa və anlaşmanın pozulması ilə əlaqədar halları çıxılmazsa, müzakirələrin yenidən başlanması mümkün deyil.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.