Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib

9 Avqust 2026 09:27 (UTC+04:00)

Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.

SİA Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda ölkədə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb.

Hər iki oyunda Azərbaycan millisi qələbə (3:2, 3:0) qazanıb. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutmuş bu qarşılaşmaları AVF rəhbərliyi də izləyib.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv C qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.