"Xalq Sığorta"nın aktivləri 2 %-dən çox azalıb

8 Avqust 2026 16:26 (UTC+04:00)

"Xalq Sığorta" ASC bu ilin I yarısını 4,336 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 3,852 milyon manat mənfəətlə çıxmışdı.

SİA xəbər verir ki, yanvar-iyun aylarında "Xalq Sığorta"nın gəlirləri 18,027 milyon manat (əvvəlki ilə nisbətən 15 % çox), xərcləri 13,266 milyon manat (12,2 % çox), mənfəət vergisi ödəmələri isə 425 min manat (1 il bundan əvvəl mənfəət vergisi ödəməyib) təşkil edib.

Bu il iyulun 1-nə "Xalq Sığorta"nın aktivləri 92,198 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1,8 % artaraq 31,82 milyon manata çatıb, balans kapitalı isə 4,3 % azalaraq 60,379 milyon manata düşüb.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı) məxsusdur.