“8 avqust 2025-ci ildə ABŞ-da Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması Azərbaycanın diplomatik müstəvidə tarixi qələbəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu qələbənin birinci əsas strateji komponenti ondan ibarətdir ki, Azərbaycan heç bir vasitəçinin müdaxiləsi olmadan və heç bir vasitəçiyə müdaxilə etmək imkanı vermədən sülhü necə görürdüsə, sülh mətnini də özü formalaşdırdı və Ermənistan bunu imzaladı:
“Ona görə də düşünürəm ki, bu uzaqgörən və qətiyyətli diplomatik qələbənin arxasında Prezident İlham Əliyevin praqmatik zəkası, siyasi qətiyyəti və siyasi müdrikliyi dayanır.
Çünki imzalanması nəzərdə tutulan, paraflanmış sənəddə hər hansı üçüncü ölkənin ya vasitəçi qismində, ya da əlaqələndirici kimi daxil edilməsi, heç şübhəsiz ki, üçüncü tərəflərin də maraqlarının bu sülh sənədində öz əksini tapmasını şərtləndirə bilərdi. Bu isə sülh yox, daha çox gələcəkdə kiminsə müdaxiləsi üçün təhlükəli bir sənədə çevrilə bilərdi.
Çünki bütün vasitəçilər 2020-ci ildən sonra məhz sülh sənədinin imzalanması ilə bağlı bəzən platforma kimi öz ərazilərini təqdim edir, bəzən öz mövqelərini diktə etməyə çalışır, bəzən də “biz olmasaq, sülh olmaz” deyirdilər. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın maraqlarına uyğun deyildi.
Ötən bir il ərzində baş verənlər göstərdi ki, Azərbaycan bir il əvvəl elə böyük bir sənədi parafladı ki, regiona müdaxilə etmək istəyən imperialist mərkəzlərin ambisiyalarının qarşısını qətiyyətlə kəsdi.
Bax, bir il əvvəl imzalanan, daha doğrusu, paraflanan sənədin tarixi əhəmiyyəti də bunlarla bağlıdır. Ümid edirik ki, qısa müddətdə bu sənəd imzalanaraq regiona uzunmüddətli sülh gətirə biləcək”.