“Uşağı pulla erkən tanış etmək gələcəkdə asılılıq davranışına səbəb ola bilər” - PSİXOLOQ

7 Avqust 2026 15:34 (UTC+04:00)

"Uşaqların pulla tanış olduğu dövrün məktəb yaşlarına təsadüf etməsi daha yaxşı olar. Bəzən, təəssüf ki, valideynlər uşaqlarını daha tez pulla tanış edirlər və həm genetik faktorlara, həm tərbiyə məsələlərinə, həm də ətraf mühitə bağlı olaraq uşaqlarda pula maraq artır". Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, əlbəttə ki, indiki dövrün uşaqları sərbəst şəkildə məktəbə gedib-gəlirlər, özləri istədikləri hər şeyi almağa qadir olduqlarına görə valideynlər də çox işdə-gücdə olduqlarından, yəni zamanı idarə edə bilmədiklərinə görə, çox vaxt pulu uşağa verir və onun təminatını – qida təminatını və s. – uşağın öhdəsinə buraxırlar:

"Uşaqlar, əlbəttə ki, pulu istədikləri kimi idarə etməyi öyrənirlər. Amma bəzən elə uşaqlar olur ki, onlar pulu necə idarə etməli olduqlarını bilmirlər. Valideynlər tərəfindən də bu öyrədilmir, yəni sadəcə pul verilir və “xərclə” deyilir. Onlar da artıq puldan necə istifadə edəcəklərini deyil, pulu necə daha çox xərcləyəcəklərini və daha başqa nələrlə əylənə biləcəklərini düşünürlər. Bu, yaşlarına görə normaldır.

Amma gələcəkdə hansı fəsadlar ola bilər? Çünki yeniyetməlik dövründə artıq onlar pulun dəyərini bilmirlər. Hətta zövq ala bilməmə hissi daha çox yaranır. Daim pul xərcləmək istəyirlər, pul xərcləməsələr, özlərini xoşbəxt hiss edə bilmirlər. Bu isə zaman-zaman depressiv düşüncələrə gətirib çıxara bilər.

Amma, əlbəttə ki, bu, ərköynlükdür. Bu, valideynlərin ərköyn böyütdüyü uşaqlarda müşahidə olunur. İlkin etaplarda bu, uşaqları xoşbəxt edə bilər, amma sonrakı etaplarda xoşbəxtlik anlayışı demək olar ki, aradan qalxır. Uşaq artıq nə qədər pul versən də xoşbəxt ola bilmir, daha çox, daha çox istəyir. Bu da asılılıq xarakteristikasına uyğun gəlir".