ABŞ Mərkəzi Bankı (FED) yeni rəhbərliyi ilə pul-kredit siyasətində kommunikasiya strategiyasını dəyişməyə hazırlaşır. Məlumata görə, FED sədri Kevin Warsh və komandası bazarlara əvvəlki kimi ətraflı istiqamətləndirici mesajlar vermək əvəzinə, daha məhdud açıqlamalarla çıxış etməyi planlaşdırır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bildirilir ki, yeni strategiyanın məqsədi bazar iştirakçılarının qərarlarını FED-in əvvəlcədən verdiyi siqnallara deyil, iqtisadi göstəricilərə əsaslandırmasını təmin etməkdir. Bununla yanaşı, bu yanaşmanın investorlar arasında qeyri-müəyyənliyi artıracağı və maliyyə bazarlarında dəyişkənliyi yüksəldə biləcəyi də qeyd olunur.
Mənbələrin sözlərinə görə, Kevin Warsh və komandası vəzifəyə başladıqları ilk həftələrdə kommunikasiya ilə bağlı müəyyən çatışmazlıqların olduğunu qəbul edib. Xüsusilə qiymət sabitliyi ilə bağlı mesajların kifayət qədər aydın çatdırılmaması və uzunmüddətli islahat planlarının qısamüddətli faiz qərarları ilə qarışdırılması müəyyən anlaşılmazlıqlara səbəb olub.
Ekspertlər hesab edirlər ki, enerji qiymətlərində artım və inflyasiya risklərinin davam etdiyi bir dövrdə FED-in daha az istiqamətləndirici açıqlamalar verməsi bazarların diqqətini iqtisadi statistikaya və gələcək faiz qərarlarına daha da artıracaq.