Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında uzun müddətdir müzakirə olunan "Məkkə Anlaşması" rəsmi olaraq imzalanaraq qüvvəyə minib. Sənəd Məkkədə keçirilən üçtərəfli görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən təsdiqlənib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, anlaşmanın əsas məqsədi üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirmək, hərbi təlimləri koordinasiya etmək və regional təhlükələrə qarşı birgə fəaliyyət göstərməkdir.
Sənədə əsasən, iştirakçı ölkələrdən birinə silahlı hücum olacağı təqdirdə bu vəziyyət digər tərəflərin təhlükəsizliyinə də təhdid kimi qiymətləndiriləcək. Bununla belə, hərbi öhdəliklərin praktiki tətbiqi ilə bağlı detallı mexanizmlər hələ ictimaiyyətə açıqlanmayıb.
Analitiklər hesab edirlər ki, "Məkkə Anlaşması" Yaxın Şərqdə dəyişən təhlükəsizlik mühitində Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının strateji əməkdaşlığını yeni mərhələyə daşıyacaq və gələcəkdə digər regional ölkələrin də bu formata qoşulması mümkün ola bilər.