...Növbəti beş il tarixdə ən isti il ola bilər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Associated Press-in məlumatına görə, bu, BMT üçün yeni proqnoz hazırlayan Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və Meteorologiya İdarəsinin gəldiyi nəticədir.
Alimlər hesablayırlar ki, növbəti beş ildən ən azı birinin 2024-cü ilin orta qlobal temperatur rekordunu keçmə ehtimalı 86 faizdir.
Bundan əlavə, sənayeləşmədən əvvəlki dövrlərlə müqayisədə ən azı bir ilin 1,5°C-dən isti olması ehtimalı 91 faizdir - bu hədd Paris İqlim Sazişinin əsas hədəfi hesab olunur. Hesabatın həmmüəllifi və iqlim alimi Melissa Sibruk qeyd edir ki, “hər əlavə dərəcənin onda biri təsiri artırır”.
O, bunun qəfil dönüş nöqtəsi deyil, ekstremal hava hadisələrinin tədricən artması olduğunu iddia edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, dünya daha tez-tez baş verən istilik dalğaları, dağıdıcı daşqınlar, quraqlıqlar və meşə yanğınları ilə qarşılaşacaq.
Arktika xüsusilə sürətlə istiləşəcək, oradakı istiləşmə tempinin qlobal orta göstəricidən təxminən 3,5 dəfə yüksək olacağı gözlənilir.
Eyni zamanda, Amazon hövzəsi xeyli quruma riski ilə üzləşir, bu da genişmiqyaslı yanğınların baş vermə ehtimalını artırır və dünyanın ən böyük tropik meşəsinin karbon qazını udma qabiliyyətini zəiflədir.
...Bu o deməkdir ki, indiyə qədər yaşadığımız hər şeydən daha çox ekstremal hava hadisələri ilə üzləşirik, - deyə London İmperial Kollecinin iqlimşünası Friderike Otto bildirir. Nəticələrə ölüm sayının artması, ərzaq qiymətlərinin kəskin artması və daha ciddi təbii fəlakətlər daxil ola bilər.
BMT vurğulayır ki, qlobal istiləşmənin tempi hazırda bəşəriyyətin onu cilovlamaq səylərini üstələyir.
Əli Babayev