Azərbaycan cüdoçuları üçün dünya çempionatı öncəsi seminar təşkil olunub

7 Avqust 2026 14:21 (UTC+04:00)

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvləri üçün seminar keçirilib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) SİA-ya verilən məlumata görə, dünya çempionatı ərəfəsində baş tutan seminara ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib.

Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər. Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub.

Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib. Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.