İxtisas seçimi gəncin həyatında verilən ən mühüm qərarlardan biridir. Bu seçim təkcə universitetdə hansı fakültədə oxumağı deyil, həm də gələcək həyat tərzini, peşə məmnuniyyətini və şəxsi inkişafını müəyyənləşdirə bilər. Təəssüf ki, bir çox gənc bu qərarı öz istəklərinə deyil, ətraf mühitin təsirinə əsasən verir. Halbuki düzgün ixtisas seçimi insanın özünü tanıması ilə başlayır.
Bu sözləri SİA-ya psixoloq Leyla Əli deyib.

O bildirib ki, ilk növbədə, gənc öz maraqlarını və qabiliyyətlərini tanımalıdır. Hansı sahədə işləyərkən özünü rahat hiss edir? Hansı fəaliyyət ona zövq verir? Çünki yalnız yüksək bal toplamaq hər hansı ixtisasın uyğun olduğu anlamına gəlmir:
“Bundan əlavə, şəxsiyyət xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, insanlarla ünsiyyəti sevən biri sosial yönümlü peşələrdə daha uğurlu ola bilər, analitik düşüncəyə malik olan şəxslər isə texniki və ya elmi sahələrdə öz potensiallarını daha yaxşı reallaşdıra bilərlər.
Əmək bazarının tələblərini araşdırmaq da vacibdir. Gələcəkdə inkişaf perspektivi olan peşələri tanımaq faydalıdır. Lakin yalnız yüksək maaşa görə seçim etmək uzunmüddətli xoşbəxtlik gətirməyə bilər. İnsan sevmədiyi peşədə uğur qazanmaqda və motivasiyasını qorumaqda çətinlik çəkə bilər.
Valideynlərin ixtisas seçiminə müdaxiləsi nə dərəcədə doğrudur?
Valideynlərin övladlarına yol göstərməsi və təcrübələrini paylaşması çox dəyərlidir. Lakin son qərarın gəncin maraq və potensialına uyğun verilməsi daha sağlam yanaşmadır.
Bəzən valideynlər öz reallaşmamış arzularını övladlarının üzərində həyata keçirməyə çalışırlar. Bu isə gələcəkdə peşədən narazılıq, motivasiya itkisi, hətta psixoloji gərginlik yarada bilər.
Ən doğru yanaşma valideyn və övlad arasında açıq ünsiyyətin qurulmasıdır. Valideyn istiqamət verə, məlumat paylaşa və dəstək ola bilər, amma qərarı məcbur etməməlidir.
Bir gənc gələcək peşəsini necə düzgün müəyyən edə bilər?
Düzgün peşə seçimi üçün gənc əvvəlcə özünü tanımağa vaxt ayırmalıdır. Maraqlarını, güclü və zəif tərəflərini analiz etməli, müxtəlif peşələr haqqında məlumat toplamalı, həmin sahədə çalışan insanlarla ünsiyyət qurmalı və mümkün olduqda təcrübə proqramlarında iştirak etməlidir.
Peşəyönümü məsləhətləri və psixoloji qiymətləndirmələr də bu prosesdə əhəmiyyətli rol oynayır. Psixoloq tərəfindən aparılan peşəyönümü konsultasiyası gəncin potensialını daha obyektiv qiymətləndirməyə və ona uyğun istiqaməti müəyyənləşdirməyə kömək edə bilər.
Unutmayaq ki, uğurlu peşə seçimi yalnız diplom almaq deyil, insanın özünü dəyərli hiss etdiyi, inkişaf etdiyi və məmnuniyyətlə çalışdığı bir həyat qurması deməkdir”.
Ayşən Vəli