"Qızılın son günlərdə bahalaşması qeyd olunur. İlin əvvəlində də rekord qiymət olmuşdu. İndi isə həmin rekord səviyyəyə yenidən yaxınlaşıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, əsas səbəblər geosiyasi risklərdir: "Özünüz də gördüyünüz kimi, yaxın bölgələrdə, o cümlədən bizim regionda, Ukraynada, İran ətrafında, Venesuelada və digər bölgələrdə gərginliklər var. Belə hallarda investorlar və bizneslər daha çox qızıla üstünlük verirlər. Çünki bizneslərin riskləri artır və onlar vəsaitlərini qorumaq üçün qızıla yönəlirlər.
İnvestorlar riskli aktivlərini satıb qızıla investisiya edirlər. Mərkəzi bankların qızıl alışları da investor davranışını əks etdirir. Məsələn, son İran–İsrail münaqişələri zamanı, həm keçən il, həm də bu il qızıla olan tələbat hər dəfə artdı. Mərkəzi banklar, bilirsiniz ki, əsasən dollar ehtiyatları saxlayırlar. Münaqişələr baş verdikcə həmin ehtiyatların bir hissəsini qızılla əvəz edirlər.
Böyük ölkələr, məsələn, Hindistan da öz qızıl ehtiyatlarını artırdı. Digər ehtiyatlarını azaltmaq hesabına qızıl ehtiyatlarını genişləndirdi.
Daha bir səbəb isə, bəli, qeyd etdiyiniz kimi, dolların zəifləməsidir. Dollar zəifləyəndə qızıla olan tələbat həmişə artır. Dollar ucuzlaşanda investorlar dollarla olan investisiyaların və aktivlərin bir hissəsini sataraq qızıla üstünlük verirlər. Tarix boyu da müşahidə olunub ki, dollar indeksi zəifləyəndə qızılın qiyməti yüksəlir.
Hazırda faiz dərəcələrinin enməsi gözləntiləri də qızıla olan tələbatı artırır. Əksinə, faiz dərəcələri artanda qızıla tələbat azalır. Çünki faiz dərəcələri enəndə dollarla olan qiymətli kağızların gəlirliliyi azalır. Qızıl isə faiz gətirmir, yalnız qiyməti dəyişir. Buna görə də investorlar onu bir növ sığorta vasitəsi kimi alırlar. Faiz gətirən qiymətli kağızların cəlbediciliyi azaldıqca qızıl daha cəlbedici olur.
ABŞ-də də Federal Ehtiyat Sisteminin (Fed) faiz qərarları həmişə qızılın qiymətinə təsir edib. "Fed" faiz dərəcəsini artıranda dollar güclənir və qızılın qiyməti enir. Faiz dərəcəsi aşağı salınanda isə əksinə, qızıl bahalaşır.
Hazırda inflyasiya gözləntiləri də əvvəlkindən yüksəkdir və bu da qızılın qiymətinin artmasına səbəb olur.
Qızıl saxlayan investorların sərvəti artır. Azərbaycan üçün də məsələ ondadır ki, Dövlət Neft Fondu qızıla böyük investisiyalar edib. Bundan başqa, biz təkcə qızıl saxlayan ölkə deyilik, həm də qızıl ixrac edən ölkəyik. Qızıl ixrac edən ölkələrin də gəlirləri yüksəlir.
Bizdə Daşkəsəndə, Gədəbəydə və digər bölgələrdə, o cümlədən Balakən və Naxçıvan istiqamətində qızıl hasil olunur. Ən çox Daşkəsən və Gədəbəy yataqları tanınır. Bu baxımdan qızılın bahalaşması belə ölkələr üçün müsbət amildir.
Digər tərəfdən isə zərgərlik məmulatları bahalaşır. Əgər qızıl ehtiyatınız böyükdürsə, sərvətiniz artır. Amma əlavə qızıl zinət əşyaları almaq istəyəndə qiymətlərin artdığını görürsünüz.
Qızıl eyni zamanda elektronikada da istifadə olunur. Məsələn, istifadə etdiyimiz mobil telefonların daxilində müəyyən miqdarda qızıldan istifadə edilir. Buna görə də qızılın qiyməti qalxanda elektronika məhsullarının maya dəyərinə də təsir göstərir.
Dollar və digər valyutaların mövqeyinə təsiri barədə deyə bilərəm ki, qızıl ilə dollar arasında həmişə əks əlaqə müşahidə olunur. Dollar güclənirsə qızıl ucuzlaşır, dollar zəifləyirsə qızıl bahalaşır. Çünki beynəlxalq bazarlarda qızıl əsasən dollarla qiymətləndirilir.
Məsələn, bir unsiya qızılın qiyməti 4 min dollar olsun. Dollar 10 faiz zəifləyəndə investorlar dollar əvəzinə qızıl almağa başlayırlar. Nəticədə qızılın qiyməti, məsələn, 4 500 dollara qədər yüksələ bilir.
Bu proses digər valyutalara da təsir göstərir. Azərbaycan manatına gəlincə, manatın məzənnəsi dollara bağlı olduğuna görə bu proses bizə də müəyyən təsir edir. Qızıl bahalaşanda inflyasiya gözləntiləri artır və bu da qiymətlərə təsir göstərə bilir.
Digər tərəfdən, bir çox ölkələr qızıl bahalaşdıqca dollar asılılığını azaltmağa çalışırlar. Bu isə dolların dünyadakı mövqeyini müəyyən qədər zəiflədir. Bununla belə, dollar hələ də beynəlxalq ticarətdə ən çox istifadə olunan valyutadır və qlobal ehtiyatların böyük hissəsi dollar şəklində saxlanılır.
Neft və bir çox xammal məhsulları, eləcə də qızılın özü də əsasən dollarla qiymətləndirilir. Ancaq qızılın payı artdıqca ehtiyatların diversifikasiyası genişlənir. Dollar tam əvəz olunmasa da, digər valyutalar və qızıl hesabına ehtiyatların bölüşdürülməsi artır. Bu baxımdan proses həm müsbət, həm də mənfi tərəflərə malikdir".