Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

7 Avqust 2026 11:53 (UTC+04:00)

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinə 2255 kompüter təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, kompüterlər şagird sayı çox olan Naxçıvan şəhəri və rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərinə paylanılıb.

Qeyd edək ki, bu addım təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsal təhsil imkanlarının genişləndirilməsinə və şagird-kompüter nisbətinin ölkə üzrə orta göstəriciyə (6:1) uyğunlaşdırılmasına xidmət edir.