"İran Xarici İşlər Nazirliyinin region ölkələri – Pakistan, Səudiyyə Ərəbistanı və İraq rəsmiləri ilə keçirdiyi görüşlərin bölgədəki gərginliyin azaldılmasına praktik baxımdan ciddi töhfə verəcəyini düşünmürəm".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, artıq uzun müddətdir ki, xüsusilə Pakistanın xarici işlər naziri, Silahlı Qüvvələrinin komandanlığı və baş naziri səviyyəsində İran rəsmiləri ilə intensiv görüşlər keçirilir:
"Paralel olaraq, Qətərin vasitəçiliyi ilə də İran, ABŞ və İsrail arasında yaranmış gərginliyin aradan qaldırılması istiqamətində müzakirələr aparılır. Lakin bütün bu diplomatik təmaslara baxmayaraq, indiyədək ciddi irəliləyiş əldə olunmayıb.
Doğrudur, Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında müəyyən danışıqlar baş tutub. Hətta bunun nəticəsində müəyyən razılaşmalar və sənədlər də qəbul edilib. Ancaq İranla ABŞ arasında fikir ayrılıqları və strateji ziddiyyətlər o qədər dərindir ki, region ölkələrinin keçirdiyi görüşlərin bu problemlərin həllində həlledici rol oynayacağını gözləmirəm.
İranın əsas məqsədi bu cür diplomatik təmaslar vasitəsilə ABŞ-ın İrana qarşı mümkün genişmiqyaslı hərbi eskalasiyasının qarşısını almağa çalışmaqdır. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, ABŞ hərbi əməliyyatları genişləndirərsə, İran regiondakı Amerika hərbi bazalarını hədəfə ala bilər. Bu isə gərginliyi daha da artıracaq və münaqişənin coğrafiyasını genişləndirəcək.
Bu baxımdan hesab edirəm ki, hazırda aparılan telefon danışıqları və diplomatik görüşlər müəyyən siyasi mesajların verilməsi baxımından əhəmiyyət daşısa da, yaxın perspektivdə münaqişənin həllinə və ya ciddi nəticələrin əldə olunmasına gətirib çıxaracağı ehtimalı yüksək deyil. Regiondakı əsas fikir ayrılıqları aradan qalxmadığı müddətdə bu cür diplomatik təşəbbüslərin təsir imkanları məhdud olaraq qalacaq".