Gənclərə məsləhət görərdim ki, ilk növbədə rəqəmsal biliklərini və savadlarını artırsınlar. Süni intellekt vasitələrindən düzgün istifadə etməyi, süni intellektə doğru məlumat ötürməyi və istədikləri nəticəni əldə etmək üçün düzgün promptlar hazırlamağı öyrənmək vacibdir.
Bu sözləri SİA-ya Texnologiyaları sahəsi üzrə ekspert Fərrux Rəcəbli deyib.

O bildirib ki, bu sahədə çalışan mütəxəssislərlə ünsiyyət qurmaq, onların təcrübəsindən yararlanmaq və yeni biliklər əldə etmək də gənclərin inkişafına ciddi töhfə verə bilər:
“Texnologiya sahəsində uğurlu karyera qurmaq üçün proqramlaşdırma bilmək mütləq şərt deyil. Əsas məsələ texnologiyaların əsaslarını, onların hansı sahələrdə və hansı mexanizmlərlə tətbiq edildiyini anlamaqdır.
Məsələn, sistem idarəçiliyi, kibertəhlükəsizlik, süni intellekt alətlərindən istifadə, süni intellekt sistemlərinin idarə olunması, UI/UX dizayn, rəqəmsal marketinq kimi müxtəlif istiqamətlərdə karyera qurmaq mümkündür. Gənclər seçdikləri sahə üzrə bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməli, təlimlərdə iştirak etməli və praktiki təcrübə qazanmalıdırlar.
Proqramlaşdırma, əlbəttə, bu gün İT və texnologiya sahəsinin mühüm istiqamətlərindən biridir. Lakin uğurlu karyera qurmaq üçün mütləq proqramçı olmaq tələb olunmur. Əsas olan seçilən istiqamət üzrə peşəkarlaşmaq və müasir texnologiyaları daim öyrənməkdir.
Süni intellekt peşələrdə əsaslı dəyişikliklər yaradacaq, lakin bu, hər zaman həmin peşələrin tamamilə yox olması demək deyil. Daha çox həmin sahələrdə çalışan insanların sayının azalmasına səbəb ola bilər. Məsələn, bu gün bir iş üzrə iki-üç və ya daha çox mütəxəssis çalışırsa, gələcəkdə süni intellekt alətlərindən effektiv istifadə edən bir mütəxəssis həmin işlərin bir qismini daha qısa müddətdə yerinə yetirə biləcək.
Bu baxımdan avtomatlaşdırma prosesi daha da sürətlənəcək. Hazırda rəqəmsallaşma, mühasibatlıq, reklam, marketinq və digər sahələrdə süni intellekt alətlərindən geniş istifadə olunur. Gələcəkdə bu prosesin daha da genişlənəcəyi gözlənilir.
Digər tərəfdən, süni intellekt yeni peşə və ixtisasların yaranmasına da səbəb olur. Artıq süni intellekt üzrə mütəxəssis, AI sistemlərinin idarə olunması, məlumat bazalarının idarə edilməsi və analitikası, süni intellekt analitikası kimi yeni istiqamətlər formalaşır.
Bundan əlavə, insan və süni intellekt arasında effektiv rəqəmsal əməkdaşlığı təmin edən yeni mütəxəssislərə də ehtiyac yaranacaq. Yəni gələcəyin əmək bazarında əsas tendensiyalardan biri insan əməyinin süni intellektlə əvəzlənməsi deyil, insan və süni intellektin birgə işləməsi olacaq”.
Ayşən Vəli