“Bu layihə Səngəçal sənaye və enerji qovşağının artan tələbatını qarşılamağa xidmət edir” - ŞƏRH

6 Avqust 2026 16:32 (UTC+04:00)

“Prezident İlham Əliyevin iştirakı ilə “AzərEnerji” ASC-nin “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, bu layihə elektrik enerjisinin etibarlı və fasiləsiz ötürülməsini gücləndirməyə, xüsusilə Səngəçal sənaye və enerji qovşağının artan tələbatını qarşılamağa xidmət edir:

“Yeni yarımstansiya enerji sisteminin dayanıqlığını artırmaqla yanaşı, itkilərin azaldılmasına, müasir rəqəmsal idarəetmə texnologiyalarının tətbiqinə və gələcək enerji layihələrinin şəbəkəyə inteqrasiyasına imkan yaradır.

Bundan əlavə, Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı fonunda belə infrastruktur layihələri günəş və külək elektrik stansiyalarından əldə olunan enerjinin milli elektrik şəbəkəsinə səmərəli qoşulmasına da mühüm töhfə verir. Ümumilikdə, “Yeni Səngəçal” yarımstansiyasının istismara verilməsi ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi baxımından əhəmiyyətli hadisədir”.