"Trampın açıqlaması ABŞ-ın İran siyasətində yeni mərhələdən xəbər verir" - POLİTOLOQ DANIŞDI

6 Avqust 2026 13:39 (UTC+04:00)

"Trampın bu bəyanatı ABŞ-ın Yaxın Şərq siyasətində diplomatik alətlərə üstünlük verilməsi ilə bağlı verilən mühüm siyasi mesajdır. Bu açıqlama, ilk növbədə, Vaşinqtonun İranla münasibətlərində sərt ritorikanın tamamilə aradan qalxdığını deyil, əksinə, güc amili ilə diplomatiyanın paralel şəkildə saxlanıldığı yeni yanaşmanın ifadəsi kimi görünür".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Donald Tramp prezidentliyinin ilk dönəmində də İrana qarşı “maksimum təzyiq” siyasətinə üstünlük verib. ABŞ-ın nüvə sazişindən çıxması, genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etməsi və İranın regional təsir imkanlarını məhdudlaşdırmağa çalışması həmin siyasətin əsas elementləri idi:

"İkinci hakimiyyət dövründə də eyni şey təkrar olundu və hətta bu dəfəki təzyiq hərbi əməliyyatlarla da müşahidə olunmağa başladı. Buna görə də onun bu gün razılaşmaya üstünlük verdiyini bəyan etməsi müəyyən mənada praqmatik yanaşmanın ön plana çıxdığını göstərir. Bu, Trampın indiyə qədərki siyasətindən tam imtina etməsi kimi başa düşülməməlidir. Bu daha çox ABŞ-ın milli maraqlarını müharibədən daha aşağı siyasi və iqtisadi xərclərlə təmin etməyin mümkünlüyünə işarədir.

Hazırkı geosiyasi şərait də belə bəyanatların meydana çıxmasını şərtləndirən əsas amillərdəndir. Yaxın Şərqdə uzunmüddətli qarşıdurmalar, enerji bazarlarındakı həssaslıq, Hörmüzdə vəziyyət və qlobal iqtisadi qeyri-müəyyənlik ABŞ üçün yeni genişmiqyaslı hərbi qarşıdurmanın arzuolunan seçim olmadığını göstərir. İranla mümkün razılaşma həm nüvə proqramı ətrafında gərginliyin idarə olunmasına, həm də regionda nəzarətdən çıxacaq eskalasiyanın qarşısının alınmasına xidmət edə bilər.

Digər tərəfdən, Trampın bu açıqlamasını daxili siyasi kontekstdən kənarda qiymətləndirmək də doğru olmazdı. ABŞ cəmiyyətində xarici hərbi əməliyyatlara münasibət əvvəlki dövrlərlə müqayisədə daha ehtiyatlıdır və seçicilərin əhəmiyyətli hissəsi ölkənin resurslarının daxili problemlərin həllinə yönəldilməsini dəstəkləyir. Odur ki, xüsusən də aralıq seçkilərinə az bir vaxt qaldığı dövrdə diplomatiyaya üstünlük verilməsi həm beynəlxalq auditoriyaya, həm də Amerika seçicilərinə ünvanlanmış siyasi mesaj kimi də dəyərləndirilə bilər. Tramp bununla özünü həm sərt mövqeyini qoruyan, həm də lazım gəldikdə razılaşma əldə etməyə qadir siyasi lider kimi təqdim etməyə çalışır.

Şübhəsiz ki, əsas məsələ İranın bu bəyanata necə cavab verəcəyi ilə bağlıdır. Çünki İranın cavabı həlledici əhəmiyyət daşıyır. Tehranın indiyə qədərki davranışlarına baxdıqda hələ ki, komprommisə meyilli olduğu müşahidə olunmur. Buna görə də təkcə siyasi bəyanatlar deyil, praktiki addımlar və qarşılıqlı etimadın formalaşdırılması mümkün razılaşmanın əsas şərtləri olacaq.

Ümumilikdə isə Trampın bu açıqlaması ABŞ-ın İran siyasətində diplomatiyanın yenidən ön plana çıxması ehtimalının yüksək olduğuna dair mühüm siqnaldır. Lakin yenə qeyd edirəm ki, bu, hərbi təzyiq vasitələrinin gündəmdən çıxdığı anlamına gəlmir. Əksinə, Vaşinqtonun ənənəvi “təzyiq və dialoq” strategiyasının yeni siyasi şəraitə uyğunlaşdırılmış forması kimi qiymətləndirilə bilər. Əgər tərəflər qarşılıqlı güzəştlərə hazır olsalar, bu yanaşma yalnız ABŞ–İran münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik mühitinin sabitləşməsinə və qlobal enerji bazarlarında risklərin azalmasına da müsbət təsir göstərə bilər".