"Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı müddətdə həmin ərazilərdə, demək olar ki, daşı daş üstündə qoymamışdı. Yaşayış evləri, zavod və fabriklər, sosial obyektlər, yol-nəqliyyat infrastrukturu və digər mühüm tikililər dağıdılmış, talan edilmişdi".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı:
"Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən bu prosesin qarşısındakı əsas maneələrdən biri ərazilərin minalardan təmizlənməsidir. Ermənistan işğal dövründə yaşayış və qeyri-yaşayış sahələrini geniş şəkildə minalayıb və mina xəritələrinin tam təqdim edilməməsi yenidənqurma işlərini çətinləşdirir.
Buna baxmayaraq, Azərbaycan dövləti işğaldan azad olunmuş şəhər, rayon, kənd və qəsəbələrdə yeni yaşayış məntəqələrinin salınmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıtması üçün zəruri infrastruktur yaradılır. Yeni hava limanları, avtomobil yolları, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, kommunal və nəqliyyat infrastrukturu inşa olunur. Görülən bütün bu işlər vətəndaşların yüksək həyat şəraitində yaşamasına hesablanıb.
Qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir. Hər bir yaşayış məntəqəsində infrastruktur tam hazır vəziyyətə gətirildikdən sonra sakinlərin köçürülməsi təşkil olunur. Prezident mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfər edir, görülən işlərlə yerində tanış olur, yeni yaşayış məntəqələrinin açılışında iştirak edir və sakinlərlə görüşür. Bu da göstərir ki, Böyük Qayıdış proqramı dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Yenidənqurma işlərinin miqyası nəzərə alınarsa, bu prosesin qısa müddətdə başa çatmasının mümkün olmadığı aydındır. Mina təhlükəsi hələ də qalmaqdadır və təəssüf ki, vaxtaşırı mina partlayışları nəticəsində xəsarət alan insanlar olur. Buna baxmayaraq, dövlət bu istiqamətdə fəaliyyətini davam etdirir və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarını səfərbər edir.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərə xarici investisiyaların cəlb olunması istiqamətində də mühüm addımlar atılır. Türkiyə, Orta Asiya dövlətləri və digər tərəfdaş ölkələrin şirkətləri müxtəlif layihələrdə iştirak edirlər. Məqsəd yalnız yaşayış evləri tikmək deyil, həm də yeni iş yerlərinin yaradılması, iqtisadi aktivliyin artırılması, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, ticarət və xidmət obyektlərinin qurulmasıdır.
Əslində, hər bir rayon, kənd və qəsəbə, demək olar ki, sıfırdan yenidən qurulur və müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə formalaşdırılır. Yeni yolların çəkilməsi, kommunikasiya xətlərinin qurulması və sosial infrastrukturun yaradılması bu kompleks layihənin ayrılmaz hissəsidir.
Otuz il ərzində dağıdılmış bir bölgəni qısa müddətdə tam bərpa etmək mümkün deyil. Lakin aparılan işlərin tempi göstərir ki, yenidənqurma prosesi ardıcıl və sistemli şəkildə davam etdirilir. Yaşayış üçün bütün zəruri şərait yaradıldıqdan sonra vətəndaşların doğma torpaqlarına qayıdışı təmin olunur.
Bu gün işğaldan azad olunmuş ərazilərdə yaradılan yaşayış şəraiti məcburi köçkünlərin uzun illər yaşadıqları müvəqqəti məskunlaşma yerlərindən qat-qat yüksək standartlara cavab verir. Bütün bunlar Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin nəticəsidir.
Böyük Qayıdış proqramı uzunmüddətli və strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihənin uğurla həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti, geniş insan resursları və zaman tələb olunur. Dövlət bütün imkanlarını səfərbər edərək yaranan çətinliklərin aradan qaldırılması, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və vətəndaşların təhlükəsiz, rahat, layiqli həyat şəraitində doğma torpaqlarına qayıtmasının təmin olunması istiqamətində fəaliyyətini davam etdirir".