“Qarabağda turizmin artması təbii ki, qiymət artımına səbəb ola bilər. Çünki verilən təkliflərə görə tələb ortaya çıxır və bu da tələbin formalaşmasına gətirib çıxarır”. Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, ona görə də bazar qiyməti yaranır: “Nə qədər çox təklif olarsa, tələbat da bir o qədər artmış olacaq və qiymətlərin artımı bazar iqtisadiyyatına uyğun olaraq artım göstərəcək.
Sadəcə, bunun qarşısını almaq üçün məskunlaşmış ərazilərdə, Qarabağda yeni otellərin, yaxud kiçik büdcəli birulduzlu, ikulduzlu hotellərin, hətta hostellərin açılması vacibdir ki, bazar özü-özünü tənzimləyə bilsin.
Əminliklə demək olar ki, gələcəkdə Dövlət Turizm Agentliyi özünəməxsus plan ortaya qoyaraq bölgələrdə qiymət artımının qarşısını almaq üçün birulduzlu, ikulduzlu hotellərin və hostellərin açılmasına üstünlük verəcək.
Bundan əlavə, dövlətin subsidiyaları da vacibdir ki, bölgəyə cəlb olunan investorlar daha əlverişli şərtlərlə fəaliyyət göstərə bilsinlər, yeni iş yerləri yaradılsın, onlara müəyyən dərəcədə dəstək göstərilsin. Bu da həmin bölgənin iqtisadi inkişafına töhfə verəcək”.