Əlbəttə ki, heç bir fikir, yanaşma, yaxud düşüncə tərzi universal sayılmaz və istənilən fikri rahatlıqla mübahisələndirmək olar. Ələlxüsus ona görə ki, bəzən mübahisə zamanı yaşanan emosiyalar həqiqəti unutdurur və onu diqqətdən kənarda saxlayır. Bu da bir danılmaz həqiqətdir ki, siyasətin ətrafında hər zaman sirlər dolaşacaq. Sirlər olan yerdə isə cavabsız qalmış suallar da olacaq. Bəzən baş verən hadisələrin əsl mahiyyət və səbəbini anlamaq üçün doğru sualların verilməsi prinsipial məsələyə çevrilir. Çünki, yanlış suallar yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxara bilir.
“Yeni Müsavatın” səhifələrində akademik polemikanı açmaq niyyətində deyilik, buna heç ehtiyac da yoxdur. Mahiyyət etibarı ilə mürəkkəb olan akademik yanaşma insanları daha da çaşdıracaq və açıq sualların sayını təbii olaraq artıracaq. Buna baxmayaraq bizi düşündürə biləcək suallardan qaçmaq olmaz, əksinə onları səsləndirmək lazım, çünki düşündürən suallar vətəndaşı qərəzli manipulyasiyalardan və kənardan zorla yeridilən hazır yad düşüncə modellərdən qoruya bilər. Sağlam cəmiyyətin qurulması prosesində manipulyasiyaların, xüsusilə ideoloji manipulyasiyaların neytrallaşdırılması məsələsi olduqca vacib vəzifədir. Digər tərəfdən, cavabsız qalmış sualların sayı azaldıqca “alverçi” təfəkkürlü siyasətbazların manevr imkanları da məhdudlaşır.
Mövcud kontekstin inkişafında oxucunu yormadan, əksinə onu düşündürəcək və mövzuya maraq yaradacaq, həmçinin bəzi siyasi həqiqətlərin qapılarını müəyyən qədər aralayacaq bir neçə sualı burada qeyd edək. Nədən bizi israrla inandırmağa çalışırlar ki, çoxpartiyalılıq demokratiyanın mükəmməl təzahürüdür? Əgər belədirsə niyə demokratiyanın “beşiyi” hesab olunan ABŞ-da tarix boyu keçirilən müxtəlif seçkilərdə əsas “rəqabət” yalnız demokrat və respublikaçılar arasında gedir? Nədən məhz populyar və müasir hesab olunan “reytinq” məfhumu bizim işçi və məişət təfəkkürümüzə yeridiləndən sonra dövlət, cəmiyyət və fərdlər müstəvisində aparılan rəqabətdə “kəmiyyət” amili “keyfiyyət” amilini üstələməyə başladı? Nədən “demokratiyanın” önəmli “inkişaf” mərhələsi və plüralizmin prinsipial meyarı hesab olunan senzura aradan qaldırılan kimi “çap makulatura” çoxalsa da xalqın tarixində yer tutmaq iddiasında olacaq şedevr əsərlərin sayı “0” ətrafında dolaşmağa başladı? Nədən reytinq arxasınca qaçan və yaşam uğrunda mübarizə aparan televiziya artıq öz ideoloji məzmunundan qorxur və bütün mənəvi əyləcləri itirmiş sosial şəbəkələr ilə mübarizə aparmağa məhkum olub? Niyə məhz “yüksək reytinq” incəsənətdə keyfiyyətli işin əsas meyarı olduqdan sonra milli identikliyimizdən uzaqlaşmağa başladıq, bayağılıq isə dayanmadan irəliləyir? Nədən müstəqillik əldə olunandan dərhal sonra Azərbaycan kimi kiçik bir ölkədə birdən-birə 70-ə yaxın siyasi partiya yaradılmışdır? Nədən tarixi Qələbədən sonra ideoloji missiyasını bitirmiş hesab edən siyasi partiyaların yarısından çoxu öz fəaliyyətini dayandırdıqları üçün bəzi dairələr çox narahat olmağa başladı və müxtəlif təxribatlara əl uzatdı? Nədən məhz qarışıq doxsanıncı illərin əvvəllərində siyasət təsadüfi insanlar ilə bürünmüşdür? Nədən Azərbaycan xalqının tarixi birliyini imtahana salmaq üçün bəzi məsuliyyətsiz siyasətbazlar vasitəsilə “milli azlıq” mövzusu vaxtaşırı şəkildə ortalığa atılır?
Əcəba bütün bu sualların arxasında Azərbaycan cəmiyyətini parçalamaq, milli birliyi pozmaq və ideoloji əsasları yaralamaq kimi mənfur məqsədlər dayanmayıb ki? Kiçik bir ölkədə qısa müddət ərzində 70-ə yaxın siyasi partiyanın yaradılması bilavasitə cəmiyyətin ideoloji parçalanmasına xidmət etmirmi? Burada “maraq” üçün qeyd edək ki, siyasi nəzəriyyədə 70 adda ideologiya növünü tapmaq belə mümkünsüzdür. Deyə bilərik ki, istisnasız olaraq bütün sahələrdə müşahidə olunan “gözüyumulu” reytinq ovu inkişafa yox, məzmunun deqradasiyasına səbəb olur. Yenə də “maraq” üçün yada salaq ki, nəhəng SSRİ-nin dağılmasının əsas səbəblərindən biri məhz yalançı hesabatlar uğrunda aparılan yarışlar olub.
Səriştəsiz, hazırlıqsız və müstəqilliyin oksigen bolluğundan müvazinətini itirmiş kövrək dövlət “inportnıy demokratiya” küləyinin gətirdiyi uydurma psevdoliberalizm məfhumlarına qucaq açmışdır. Bu “külək” də gənc dövlətə müxtəlif təhlükələr yaşatdı. Dünyanın siyasi xəritəsində adı belə çətinliklə tapılan kövrək müstəqilliyi yaşayan Azərbaycanda birdən-birə 70-ə yaxın siyasi partiyanın yaradılması nədən beynəlxalq ictimaiyyətin marağında olmuşdur? Əcəba ona görə yox ki, cəmiyyətdə ideoloji birliyin qarşısı alınsın və davamlı münaqişələrin yaranması üçün zəmin olsun?
Bu gün artıq ərazi bütövlüyü tam olaraq bərpa etmiş xalq kimi geriyə dönüb keçmişimizə nəzər yetirsək anlaya bilərik ki, doxsanıncı illərin əvvəlində ayaq üstə sərbəst dayanıb müstəqil yeriməyi belə bacarmayan xalqın siyasi təfəkkürünə demokratiya haqqında təhrif olunmuş təsəvvürlər damcı-damcı ona görə yeridilib ki, burada tədricən idarə olunan xaos mühiti yaradılsın. Yenidənqurma dövrü ilə paralel olaraq başlamış qloballaşma və total modernləşmə dalğalarının təsiri altında “milli identiklik” məfhumunun mahiyyəti o qədər cılızlaşmışdır ki, xalqın vahidliyi məsələsi az qala aktuallığını itirmişdir.
Əlbəttə ki, bu cür tendensiyaların hədəfi dövlət və xalqı parçalamaq idi. İfrata uğramış azadlıq hissinin hərarəti o dərəcəyə qədər artmışdır ki, həmrəylik mühiti üçün yenə də təhlükələr yaranmışdır. Nədənsə siyasi hesabatları hazırlayan beynəlxalq təşkilatlar öz “qaralamalarında” Azərbaycanda tarixən yaşanan multikultural ənənələrindən yan keçərək açıq şəkildə spekulyativ məqamlara qərəzli şəkildə diqqət çəkirdilər? Əcəba ona görə yox ki, monolit cəmiyyəti var güclə parçalamaq istəyirlər? Nədən Avropa multikultural dəyərlərin böhran dövrünü yaşayan zaman Azərbaycanın beynəlxalq münasibətlər sistemində mulyikulturalizm prinsiplərinin təbliğinə xidmət edən qlobal təşəbbüsləri kölgədə saxlanılır? Nədən hesabatları hazırlayan və beynəlxalq qanunlarının carçısı olmalı həmin təşkilatlar Azərbaycanın Milli Məclisində 11 siyasi partiyanın təmsil olunması faktını görməzdən gəlirlər? Məsələ ilə bağlı cəmi bir neçə misal gətirək: Yunanıstanın qanunverici qurumunda 8, İspaniyada 11, Almaniyada 7, İsveçdə isə 8 siyasi partiya təmsil olunur. Dünya birliyinin tam hüquqlu üzvü olan Azərbaycanın inkişafını arzulayan təşkilat nədən bu cür müqayisələri aparmır? Niyə “demokratiya carçısı” olan bu təşkilatlar israrla ona göz yumurdular ki, Azərbaycanda faktiki olaraq uzun illər ərzində müxalifətçiliyə bir siyasi partiya inhisarçılıq edirdi? Əcəba ona görə yox ki, öz mənfur planlarının həyata keçirmək üçün bir partiya ilə razılığa gəlmək daha asandır? Xatırladaq ki, məhz Azərbaycan hökumətinin siyasi partiyalar müstəvisində apardığı islahatlar nəticəsində sözügedən inhisarçılıq aradan qaldırıldı və partiyaların təkamül yolu ilə inkişaf prosesi başladı.
Əlbəttə ki, siyasi həqiqətlərin qapılarını açan bu cür sualların sırasını artıra bilərik. Ancaq heç bir halda unutmaq olmaz ki, Azərbaycanın gələcəyi və onun inkişafı məhz vahid xalqın iradəsindən asılıdır. “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür”, – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev. Odur ki, bu dövlət və millətin əsl vətənpərvəri olan və onun rifahını arzulayan hər bir məsuliyyətli vətəndaş öz gündəlik fəaliyyəti ilə xalq-dövlət birliyinin toxunulmazlığına xidmət etməlidir.
Politoloq Asif Adil