“Ölkənin ağır vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdük” - Asif Cahangirov

6 Avqust 2026 11:23 (UTC+04:00)

“90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin dövrdə Vətənini sevən insanlar çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görürdülər”.

SİA xəbər verir ki, bu sözləri YAP-ın “91-lər” nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Asif Cahangirov Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının tədbirlər planına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP-ın “Qızıl Fondu” olan 91-lər və YAP veteranları ilə görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması prosesində iştirak edən insanların sayı sonradan təqdim olunan siyahılardan daha çox olub. Onun sözlərinə görə, həmin dövrdə Heydər Əliyevə inanan və ölkənin gələcəyini düşünən çoxsaylı ziyalılar bu təşəbbüsü dəstəkləyirdilər.

Asif Cahangirov qeyd edib ki, Qarabağda baş verən hadisələr və ölkədəki siyasi böhran cəmiyyətdə ciddi narahatlıq yaratmışdı. O xatırladıb ki, Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra Bakı Şəhər Təhsil İdarəsinin rəisi vəzifəsində çalışıb və dövlət idarəçiliyində baş verən prosesləri yaxından izləyib.

Veteran bildirib ki, həmin dövrdə dövlət idarəçiliyində peşəkarlıq prinsiplərinə kifayət qədər əməl olunmurdu və bu, onu narahat edən əsas məsələlərdən biri idi. Onun sözlərinə görə, təhsil sahəsində rəhbər vəzifələrə kifayət qədər təcrübəsi olmayan şəxslərin təyin edilməsinə cəhdlər də bunun göstəricilərindən idi.

Asif Cahangirov vurğulayıb ki, ölkədə baş verən hadisələri təhlil etdikcə Azərbaycanın düzgün idarə olunmadığı qənaətinə gəlib. O bildirib ki, yaxın dostları ilə apardığı müzakirələrdən sonra yaranmış böhrandan çıxış yolunun yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında olduğu qənaətinə gəliblər.

Onun sözlərinə görə, bu məqsədlə təşkilatlanma prosesi başlanıb və 1992-ci ilin avqustunda Elmlər Akademiyasında yeni siyasi təşkilatın yaradılması ilə bağlı ilk toplantılar keçirilib. A.Cahangirov qeyd edib ki, həmin iclaslarda bu təşəbbüsü dəstəkləməyənlər də olub, bəzi iştirakçılar etiraz edərək toplantını tərk ediblər. Buna baxmayaraq, Heydər Əliyevin ətrafında birləşmək ideyası getdikcə daha geniş dəstək qazanıb.