FHN yaşayış binasında təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin istismarını dayandırıb

6 Avqust 2026 10:29 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən SİA-ya verilən məlumata görə, bu çərçivədə, agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev 55A ünvanında yerləşən “Çarbağ” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftlərində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Çarbağ” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MMC-nin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.