"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə həsr olunmuş yeni sənədli filmin çəkilişlərinə başlayıb. SİA xəbər verir ki, ekran əsərinin əsas məqsədi Azərbaycanın Zəfər və dirçəliş rəmzinə çevrilən torpaqlarını həm milli iftixar simvolu, həm də post-konflikt ərazilərinin yenidən qurulmasında dünyaya nümunəvi model kimi təqdim etməkdir.
Filmdə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq qısa müddətdə bərpa olunan yaşayış məntəqələri, doğma ocaqlarına qayıdan sakinlərin həyatı və aparılan quruculuq işləri real insan hekayələri üzərindən işıqlandırılır.
Çəkilişlər artıq Ağdam, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərində aparılıb. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insanyönümlü prinsiplərə söykənən yeni yaşayış məntəqələri nümayiş olunacaq.
Bununla yanaşı, ekran əsərində ölkənin iqlim dəyişmələri və şəhərsalma üzrə qlobal çağırışlara inteqrasiyası, azad olunmuş ərazilərdə tətbiq edilən innovativ yanaşmalar və "yaşıl enerji" zonalarının yaradılmasına xüsusi diqqət yetirilir.
Mətləb