Dünya futbolunun ulduzlarından olan Portuqaliya millisinin sabiq kapitanı Luiş Fiqu FIFA Prezidenti Canni İnfantinonu istefa verməyə çağırıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, sosial media hesabındakı paylaşımda C.İnfantinonun tutduğu vəzifənin nüfuzuna xələl gətirdiyini qeyd edib.
“O, yalan danışıb, insanları aldadıb və xidmət etməli olduğu futbolun maraqlarını ikinci plana ataraq şəxsi maraqlarını təmin etməyə çalışıb. İnfantino FIFA-nın yüksəkvəzifəli əməkdaşlarının və həyatını bu idmana həsr etmiş insanların böyük əksəriyyətinin dəstəyini itirib. Artıq onun şəxsi nüfuzunu xilas etməsi üçün çox gecdir. Lakin futbolu xilas etmək üçün hələ gec deyil. O, elə indi getməlidir”, - deyə məşhur futbolçu qeyd edib.
2001-ci ildə “Qızıl Top”un sahibi olan portuqaliyalı futbol əfsanəsi hazırda UEFA-da məsləhətçi kimi çalışır. O, 2015-ci ildə ovaxtkı FIFA prezidenti Yozef Blatterə qarşı alternativ namizəd kimi prezidentliyə namizədliyini irəli sürmək istəsə də, sonradan namizədliyini geri götürmüşdü. Y.Blatter istefa verdikdən sonra isə o, C.İnfantinonu dəstəkləmişdi.
Qeyd edək ki, C.İnfantinoya qarşı təzyiq gündən-günə artır. O, FIFA-nın dünya çempionatı kimi turnirlər üzrə kommersiya hüquqlarının bir hissəsinin mümkün satışı yolu ilə milyardlarla gəlir əldə etmək planlarını kütləvi etirazlardan sonra geri çəkməli olub. Bu planın dünya miqyasında ciddi narazılıq doğurmasından sonra FIFA rəhbəri geri addım atıb.