"Sosial nəzarətin zəifləməsi zorakılığı artırır" - SOSİOLOQ

5 Avqust 2026 16:27 (UTC+04:00)

"Cəmiyyətdə aqressiv davranışların və zorakı hallarının artması bir sıra sosial amillərlə izah oluna bilər. İlk öncə sosial-iqtisadi amilləri qeyd edə bilərik". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, məsələn, cəmiyyətdə yoxsulluğun, işsizliyin artması, insanların maddi təminatlarının zəifləməsi münasibətlərdə gərginlik yaradır və zorakı davranışlara yol açır: "Yəni, ilk amil kimi sosial-iqtisadi amilləri qeyd edə bilərik.

İnformasiya texnologiyalarının sürətli inkişafı insanlar üçün yeni ünsiyyət, kommunikasiya imkanları yaradır və insanlar daha çox sosial platformalara istifadəçisi olurlar. Münasibətlərin formalaşması, radikal paylaşımların izlənilməsi istər-istəməz fərdlərə təsir edir və əminliklə qeyd edə bilərik ki, sosial platformalardan yanlış istifadə zorakılıq hallarının, radikal davranışların artmasına təsir edən amillər sırasındadır.

Sosial-mədəni transformasiya şəraitində, deməli, dəyərlərin deqradasiyası, yəni mənəvi baxımından dəyərlərin aşınması, fərdlər arasında münasibətlərin dəyərlər üzərindən deyil, daha çox maraqlar üzərində yürüməsi və davranışlarda qeyri-əxlaqi tendensiyaların baş verməsi, göstərilməsi artıq şübhəsizdir. Geniş mənada götürdükdə, cəmiyyətdə baş verən sosial-mədəni transformasiyalar son onilliklərdə mənəvi deqradasiyalarla müşahidə olunmuşdur və bu da ki, əlbəttə, fərdlər arası kommunikasiyalarda, münasibətlərdə, cəmiyyətin bir sosial sistem kimi fəaliyyətində ümumiyyətlə neqativ təsirlər buraxmışdır.

Məsələn, cəmiyyətdə etimatsızlıq mühitinin yaranması, inamsızlıq, güvənsizlik, bütün bunlar sosial sistemdə bir sosial kapital olaraq dəyərləndirilən amillərdir. Bunların, deyək ki, zəiflədiyi bir mühitdə fərdlər arasında inamsızlıq, güvənsizlik kimi dəyərlər zəifləyir və bu zəifləmə istər-istəməz hansısa problemlərə yol açır və bu problemlər də öz-özlüyündə zorakı davranışların baş verməsinə şərait yaradır.

Digər bir amil kimi ümumiyyətlə, ailə institutunda baş verənləri mən qeyd edərdim. Yəni, son onilliklərdə mənəvi baxımından dəyərlərin, ailə dəyərlərinin deqradasiyası müşahidə olunmuşdur və bu münasibətlərdə baş verən dəyişikliklər əvvəlki dövrlərlə müqayisədə heç də pozitiv tərəfdən dəyərləndirilə bilməz. Zatən dəyərləndirə bilməli, çünki bugünkü gündə ailə institutunda baş verən zorakılıq halları, radikal davranışlar, boşanmaların sayı, ailə daxili zorakılıq və s. Həmin o zorakılıq, zorakı davranışların, radikal davranışların ən çox müşahidə olunduğu sosial məkanlardan biri də elə ailədir.

Eyni zamanda biz təlim-tərbiyə, təhsillə bağlı məqamları da qeyd edə bilərik. Məsələn, müşahidələrimiz göstərir ki, orta məktəblərdə belə, şagirdlər arasında zorakı davranışlar müşahidə olunur. Məsələn, bir şagirdin digər şagirdlər tərəfindən psixoloji təzyiqlərə məruz qalması, buna alim ədəbiyyatda bullying kimi qeyd olunur və bu kimi davranışlar çox təəssüf ki, Azərbaycanda da müşahidə olunmaqdadır.

Yəni, bitövlükdə cəmiyyət həyatında sosial-mədəni transformasiyalarda meydana çıxmış bu neqativ meyllər cəmiyyət həyatının demək olar ki, bütün əksər sferalarında neqativ problemlərlə, zorakı davranışlarla müşahidə olunmaqdadır.

Fikrimizi bu şəkildə yekunlaşdıra bilərik ki, yəni müasir dövrdə cəmiyyətdə aqressiv davranışların və zorakılıq hallarının artması bütövlükdə cəmiyyət həyatında son onilliklərdə, daha doğrusu, baş verən sosial-mədəni, texnoloji transformasiyalarla əlaqəli problemlərdir.

Həmin qeyd etdiyimiz amillərin sırasına mən sosial nəzarətin zəifləməsini də əlavə edərdim. Çünki fərqlərin davranışları bir şəkildə sosial nəzarətlə tənzimlənir. Cəmiyyətdə sosial nəzarət zəiflədikcə, fərqlərin, belə deyək ki, ortaya qoyduğu deviant davranışlar daha az qınaq obyektinə çevrilirsə və yaxud da heç ona münasibət bildirilmirsə, insanlar seyrçi qalırlarsa, təbii ki, cəmiyyət həyatında zorakı, radikal davranışlar, meyllər güclənəcəkdir".