Mikrodalğalı sobalardan istifadə edərkən nələrə diqqət etmək lazımdır? - EKSPERT AÇIQLADI

5 Avqust 2026 16:16 (UTC+04:00)

Mikrodalğalı sobadan istifadə edənlərin sayı getdikcə artsa da, bu cihazda hazırlanan və ya qızdırılan qidaların insan sağlamlığına təsiri ilə bağlı müzakirələr hələ də davam edir. Bəziləri mikrodalğalı sobanın qidaların tərkibini dəyişdirdiyini və orqanizm üçün zərərli olduğunu iddia edir.

Bəs bu fikirlər nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, mikrodalğalı sobadan istifadə edərkən qida təhlükəsizliyi və düzgün istifadə qaydalarına diqqət yetirmək vacibdir:

“Burada əsas məqam qidaların teksturasının və qida dəyərinin mümkün qədər qorunmasıdır.

Mikrodalğalı sobaların insan sağlamlığına təsiri ilə bağlı səsləndirilən fikirlərin əksəriyyəti elmi sübutlara deyil, mif və yanlış təsəvvürlərə əsaslanır. Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu qida təhlükəsizliyi qurumları bildirirlər ki, mikrodalğalı sobalardan düzgün istifadə olunduqda onların sağlamlıq üçün təhlükəli olduğuna dair heç bir elmi sübut yoxdur.

Bu cihazlarla bağlı ən çox yayılan iddialardan biri qidaların strukturunun dəyişməsi ilə əlaqədardır. İddia olunur ki, mikrodalğalı soba qidadakı molekulları parçalayaraq onları zərərli və ya radioaktiv hala gətirir. Əslində isə mikrodalğalı sobalar qidanı qızdırmaq üçün ionlaşdırıcı olmayan radiasiyadan, yəni radiotezlikli mikrodalğalardan istifadə edir. Bu şüalar qidada radioaktivlik yaratmır. Onlar yalnız su molekullarının sürətlə hərəkət etməsinə səbəb olur və yaranan istilik hesabına qidanı qızdırır. Bu proses qidanın atom strukturunu dəyişdirmir, sadəcə istilik yaradır.

Digər bir iddia isə mikrodalğalı sobada qızdırılan və ya bişirilən qidaların bütün vitaminlərini itirməsi ilə bağlıdır. Halbuki istənilən bişirmə üsulu – qaynatma, sobada bişirmə və ya qızartma – bəzi vitaminlərin, xüsusilə də istiliyə həssas olan C vitamininin müəyyən qədər azalmasına səbəb olur. Lakin mikrodalğalı soba qidanı daha qısa müddətdə və daha az su ilə bişirdiyi üçün vitamin və mineralları ənənəvi qaynatma üsuluna nisbətən daha yaxşı qoruyur. Qaynatma zamanı suda həll olan vitaminlər suya keçərək itirilə bilər. Mikrodalğalı sobada isə bu risk daha azdır.

Bəzən mikrodalğalı sobanın xərçəng və digər xəstəliklərə səbəb olduğu da iddia edilir. Lakin bu doğru deyil. Cihazdan yayılan şüalar sobanın metal korpusu və xüsusi torlu şüşə qapısı vasitəsilə tam şəkildə daxildə saxlanılır. Sobanın qapısı bağlı olduqda kənara zərərli radiasiya sızmır. Buna görə də mikrodalğalı sobadan düzgün istifadə edildiyi halda onun xərçəng və digər sağlamlıq problemlərinə səbəb olduğunu göstərən elmi sübut yoxdur.

Mikrodalğalı sobadan istifadə zamanı bəzi qaydalara əməl etmək vacibdir. Qidaları plastik qablaşdırmada qızdırmaq tövsiyə edilmir. Onları mikrodalğalı soba üçün nəzərdə tutulmuş şüşə və ya keramika qablarda qızdırmaq daha məqsədəuyğundur. Metal qablar və metal hissələri olan qablar isə mikrodalğalı sobaya qoyulmamalıdır.

Mikrodalğalı sobadan qidaların donunun açılması (defrost edilməsi) üçün də geniş istifadə olunur. Bu zaman qidanın təhlükəsiz şəkildə əridilməsi və sonradan lazımi temperaturda bişirilməsi vacibdir. İstifadə zamanı istehsalçının təlimatlarına əməl etmək və təhlükəsizlik qaydalarını nəzərə almaq lazımdır”.