“Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı problemlərinin uzun müddətdir davam etdiyini görürük. İki ildən çoxdur ki, eyni vəziyyət müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, NATO ölkələri və ümumilikdə Qərb koalisiyası Ukraynaya dəstək göstərir:
“Bu dəstəyin əsas istiqamətlərindən biri Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsidir. Məsələn, “Patriot” sistemlərindən geniş istifadə olunur.
Ukraynanın Sovet dövründən qalan S-300 hava hücumundan müdafiə sistemləri də var idi. Lakin onların əksəriyyəti müharibənin ilk mərhələlərində sıradan çıxdı. Buna baxmayaraq, Ukrayna hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını dron texnologiyalarını inkişaf etdirməklə müəyyən qədər kompensasiya etməyə çalışır. Bu da ölkənin təhlükəsizliyinə müsbət təsir göstərir və müdafiə imkanlarını artırır.
Mən hesab edirəm ki, bu vəziyyət müharibənin gedişatını köklü şəkildə dəyişməyəcək. Əksinə, Ukrayna hava hücumundan müdafiə sistemlərinin zəifliyini nəzərə alaraq dron texnologiyalarının inkişafına xüsusi diqqət ayırır. Bu isə müəyyən mənada müharibədə balansın qorunmasına kömək edir. Buna görə də düşünmürəm ki, bu amil Ukrayna üçün həlledici dərəcədə mənfi nəticə yaradacaq.
Təbii ki, Rusiya böyük dövlətdir və geniş resurslara malikdir. Vladimir Putin də yeni fərman imzalayaraq Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılmasını nəzərdə tutub. Bu da Ukrayna üçün kifayət qədər çətin vəziyyət yarada bilər.
Lakin nəzərə almaq lazımdır ki, Ukrayna öz ərazilərini müdafiə edir və Qərb ölkələri də ona dəstəyi tam dayandırmayıblar. Əksinə, maliyyə yardımı göstərilir, silah və sursat istehsalına və tədarükünə vəsait ayrılır.
Bu isə onu göstərir ki, Ukraynanın Rusiyaya qarşı döyüşü davam etdirmək potensialı hələ də qalır. Bundan sonrakı gedişatın necə olacağını isə indidən dəqiq söyləmək mümkün deyil. Hər an müxtəlif hadisələr baş verə bilər. Məsələn, tərəflərdən birində daxili siyasi dəyişiklik və ya qarşıdurma yarana, yaxud beynəlxalq vəziyyət tamamilə fərqli istiqamətdə inkişaf edə bilər.
Bütün bunlar müharibənin gedişinə təsir edən əsas amillərdir. Buna görə də indidən qəti proqnoz vermək doğru olmaz. Ancaq hazırkı vəziyyəti nəzərə alaraq, yaxın perspektivdə müharibənin gedişində köklü dəyişikliklərin olacağını düşünmürəm”.