Azərbaycanda tələbələr üçün pulsuz ali təhsil modelinin tətbiqi mümkündürmü? - EKSPERT AÇIQLADI

5 Avqust 2026 15:15 (UTC+04:00)

Gürcüstanda ali təhsilin tam ödənişsiz olması ilə bağlı qərar region ölkələrində də geniş müzakirələrə səbəb olub. Bəs Azərbaycanda da bütün tələbələr üçün pulsuz ali təhsil modelinin tətbiqi mümkündürmü?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Gürcüstanda artıq ali təhsilin tam ödənişsiz olması ilə bağlı qərar qəbul edilib:

“Ancaq burada söhbət bütün ali təhsil müəssisələrindən deyil, dövlət ali təhsil müəssisələrindən gedir.

Azərbaycanda da buna bənzər bir model artıq tətbiq olunmağa başlayıb. Məsələn, Qarabağ Universitetində dövlət sifarişi əsasında təhsil alan bütün tələbələr ödənişsiz təhsil alırlar. Yəni, Azərbaycanda artıq bu istiqamətdə müəyyən model formalaşıb.

Ümid edək ki, yaxın illərdə Azərbaycanda da Gürcüstandakı modelə yaxın, yaxud eyni model əsasında dövlət universitetlərinin fəaliyyəti mümkün olacaq.

Ancaq təəssüf ki, bugünkü reallıq fərqlidir. Hazırda Azərbaycanda tədqiqat universitetləri hələ formalaşmayıb. Düzdür, Azərbaycan universitetləri artıq beynəlxalq reytinqlərdə irəliləyərək orta sıralarda, təxminən 500–600-cü yerlərdə qərarlaşırlar. Lakin Gürcüstan universitetlərinin səviyyəsinə çatmaq üçün hələ də ciddi işlər görülməli və müxtəlif inkişaf proqramları həyata keçirilməlidir.

Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərən universitetlər də var və onlar maliyyə baxımından daha müstəqil fəaliyyət göstərirlər. Artıq bir neçə aparıcı universitet publik hüquqi şəxsə çevrilib. Ancaq onların tədqiqat universiteti statusu qazanması üçün hələ uzun müddət və sistemli islahatlar tələb olunur.

Bu istiqamətdə cəhdlər olsa da, hələlik nəzərəçarpacaq nəticələr yoxdur. Buna görə də müəyyən qədər səbirli olmaq lazımdır. Çünki Gürcüstan universitetlərinin əksəriyyəti Avropa universitetləri ilə sıx əməkdaşlıq edir, tələbə mübadiləsi proqramlarında iştirak edir və tədqiqat universiteti kimi inkişaf ediblər.

Təəssüf ki, Azərbaycanda bu proses hələ də ləng gedir. Ümid edək ki, universitetlər bu sahədə Gürcüstan təcrübəsini nümunə götürərək inkişaflarını daha da sürətləndirəcəklər”.