Boşanma zamanı ən çox mübahisə doğuran məsələlərdən biri aliment öhdəliyidir. Cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri odur ki, əgər ata işləmirsə və ya rəsmi gəliri yoxdursa, ona qarşı aliment tələbi irəli sürülə bilməz. Hüquqi baxımdan isə bu fikir doğru deyil.
Bu sözləri SİA-ya vəkil Səma Əhmədova deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan övladlarını saxlamaq və onların maddi təminatını həyata keçirmək vəzifəsini daşıyırlar. Bu vəzifə valideynin işləyib-işləməməsindən, rəsmi əmək müqaviləsinin olub-olmamasından və ya daimi gəlir əldə edib-etməməsindən asılı deyil:
“Əgər aliment ödəməli olan şəxsin rəsmi əməkhaqqısı və ya sabit gəliri yoxdursa, bu, aliment öhdəliyinin aradan qalxması demək deyil. Belə hallarda məhkəmə işin bütün hallarını araşdıraraq alimentin sabit pul məbləği şəklində müəyyən edilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə alimentin məbləğini müəyyən edərkən uşağın ehtiyaclarını, valideynlərin maddi və ailə vəziyyətini, əmlakını, gəlir əldə etmək imkanlarını və digər əhəmiyyətli halları nəzərə alır.
Praktikada rast gəlinən hallardan biri də aliment ödəməli şəxsin rəsmi olaraq işləməməsinə baxmayaraq faktiki gəlir əldə etməsidir. Məsələn, fərdi fəaliyyət göstərməsi, icarədən gəlir əldə etməsi, müxtəlif xidmətlər göstərməsi və ya digər qeyri-rəsmi gəlir mənbələrinin olması aliment öhdəliyinin müəyyən edilməsində nəzərə alına bilər. Məhkəmə yalnız əmək müqaviləsinin mövcudluğunu deyil, şəxsin faktiki maddi imkanlarını da qiymətləndirir.
Digər tərəfdən, aliment ödəməli şəxs həqiqətən işsizdirsə və müvəqqəti olaraq gəliri yoxdursa belə, aliment borcu yaranmağa davam edə bilər. Sonradan həmin şəxs işləməyə başladıqda və ya gəlir əldə etdikdə yığılmış aliment borcunun ödənilməsi tələb oluna bilər. Bu səbəbdən işsiz olmaq aliment öhdəliyindən yayınmaq üçün hüquqi əsas hesab edilmir.
Bəzən valideynlər aliment öhdəliyindən yayınmaq məqsədilə rəsmi iş yerindən çıxır və ya gəlirlərini gizlətməyə çalışırlar. Lakin bu cür davranış aliment öhdəliyini aradan qaldırmır və zəruri hallarda icra tədbirlərinin görülməsinə, o cümlədən borcun hesablanmasına, əmlaka və bank hesablarına yönəldilən icra tədbirlərinə səbəb ola bilər.
Nəticə etibarilə, Azərbaycan qanunvericiliyinə əsasən aliment öhdəliyinin əsasını valideynlik münasibəti təşkil edir, əmək münasibəti deyil. Yəni kişinin rəsmi iş yerinin və ya əməkhaqqısının olmaması uşağın aliment almaq hüququnu aradan qaldırmır. Belə hallarda məhkəmə konkret işin xüsusiyyətlərini nəzərə alaraq alimentin ödənilmə formasını və məbləğini müəyyən edir. Əsas məqsəd isə hər bir halda uşağın qanunla qorunan mənafeyinin və normal təminatının təmin edilməsidir”.
Ayşən Vəli