"Xalq çimərlikləri insanların həyat keyfiyyətini artırır" - EKSPERT

5 Avqust 2026 11:29 (UTC+04:00)

"Bakıda yaradılan xalq çimərlikləri təbii ki, insanların istirahəti üçün, rekreasiyası üçün çox müsbət addımdır. Bu, həm də insanların həyat keyfiyyətinə birbaşa təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, düzgün istirahət olunması, bu imkanların yaradılması insanların əmək qabiliyyətini bərpa edir, sağlamlıqlarını möhkəmləndirir: "Bu, məsələnin sosial tərəfidir.

Amma turizm nöqteyi-nəzərindən də baxdıqda, əlbəttə ki, daxili turizmin inkişafında, eyni zamanda xarici turistlərin bura gəlib nümunəvi, pulsuz çimərliklərin olmasını görməsi və bundan istifadə etməsi müsbət addım kimi qiymətləndirilə bilər.

Əlbəttə ki, bunun yanında əlavə xidmətlər, ödənişli xidmətlər də göstərilə bilər ki, bu da oradakı ticarət obyektlərinin, hansısa xidmət obyektlərinin gəlirlərinə müsbət təsir göstərə bilər.

Amma istənilən halda maarifləndirmə aparılmalıdır. Dənizkənarı ərazilərin təmiz qalması, təmiz saxlanılması üçün mütləq şəkildə xidmət göstərən və nəzarəti həyata keçirən qurum olmalıdır. Hansısa xidmət göstərən şirkət və yaxud müvafiq dövlət qurumu olmalıdır ki, həmin ərazinin təmizliyi də lazımi səviyyədə təmin edilsin.

Təbii ki, ümumilikdə mediada, televiziyalarda bunun təbliğatı gedir və bununla bağlı hətta aksiyalar keçirilir. Dənizkənarı ərazilərdə zibillərin təmizlənməsi, yığılması ilə bağlı müvafiq işlər görülür. Maarifləndirmə işləri də eyni qaydada davam etdirilməli və geniş şəkildə aparılmalıdır".