"Dövlət Turizm Agentliyi tərəfindən 2 il ərzində 15 ictimai çimərlik yaradılıb" - AÇIQLAMA

5 Avqust 2026 10:34 (UTC+04:00)

"Dövlət Turizm Agentliyi tərəfindən 2026-cı ildə 10 yeni ictimai çimərlik üzrə abadlıq işləri aparılıb". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Rufik İsmayılov deyib.

Onun sözlərinə görə, bu ictimai çimərliklərin 4-ü Novxanı və Coratda, 3-ü Şüvəlanda, 2-si Türkanda, 1-i isə Şıx ərazisində yerləşir:

"İctimai çimərliklərin hər birinin ərazisi 3 hektar olmaqla, ümumilikdə 30 hektar sahəni təşkil edir.

Bu ictimai çimərliklərdə istirahət üçün hərtərəfli şərait var. Vətəndaşlar ictimai çimərliklərdə avtodayanacaqlardan, duş və soyunub-geyinmə kabinələrindən, sanitar qovşaqlardan, uşaq-əyləncə meydançalarından, futbol və voleybol meydanlarından ödənişsiz yararlanırlar. Bu barədə məlumatlandırıcı və istiqamətverici lövhələr ictimai çimərlik ərazisinin müxtəlif yerlərində quraşdırılıb. Vətəndaşlar ictimai çimərliklərdə yalnız stol-stul və şezlonq kirayəsinə görə ödəniş edirlər.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən 2025-ci ildə də Xəzər rayonunun Şüvəlan və Mərdəkan qəsəbələri ərazisində, ümumilikdə 15,3 hektar sahəni əhatə edən 5 çimərlikdə müasir tələblərə cavab verən ictimai (ödənişsiz) çimərlik yaradılıb. Beləliklə, Dövlət Turizm Agentliyi tərəfindən 2 il ərzində 15 ictimai çimərlik yaradılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində çimərliklərin ümumi sayı 200-dən çoxdur. Onlar əsasən Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Astara və Mingəçevir şəhərlərinin ərazisində yerləşir. Ümumilikdə ölkədəki çimərliklərin 80 faizi Bakı və Abşeron ərazisindədir."