"İctimai yerdə qadına qarşı zorakılıq tamamilə yolverilməzdir" - SOSİOLOQ DANIŞDI

5 Avqust 2026 10:21 (UTC+04:00)

"Qadına qarşı zorakılıq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin mənəvi sağlamlığının göstəricisidir. Ümumiyyətlə, qadın yaradılışı etibarilə kişidən daha zərifdir. Qadın qayğı, diqqət, nəvaziş, sevgi və mənəvi dayaq görmək istəyir. O, yanında xarakterli, məsuliyyətli və ailəsini qoruya bilən bir kişinin olmasını arzulayır. Burada "güclü kişi" dedikdə fiziki güc deyil, iradəli, təmkinli, məsuliyyətli və ailəsini qorumağı bacaran xarakter nəzərdə tutulur".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "İnsan fiziki cəhətdən yaşlana bilər, lakin xarakteri və şəxsiyyəti yaşlanmır.

İslam dini də qadına xüsusi dəyər verir. Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərində bu açıq şəkildə ifadə olunub: "Cənnət anaların ayaqları altındadır", "Qadınlar sizə Allahın əmanətidir", "Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı davrananınızdır". Bu hədislər göstərir ki, qadına qarşı mərhəmət, hörmət və şəfqət İslam əxlaqının əsas prinsiplərindəndir.

Qadına qarşı zorakılığa gəlincə, istər qadına, istər uşağa, istərsə də yaşlı insana qarşı aqressiya və zorakılıq heç bir halda qəbul oluna bilməz. Belə davranışların arxasında müxtəlif sosial, iqtisadi və psixoloji səbəblər dayanır.

Bu səbəblərdən biri iqtisadi çətinliklərdir. Müasir dövrdə ailələrin sosial rifahı arasında ciddi fərqlər mövcuddur. Bir tərəfdə yüksək həyat səviyyəsində yaşayan ailələr, digər tərəfdə isə gündəlik dolanışıq üçün borc axtaran insanlar var. Bu fərqlər ailədaxili gərginliyi artırır. Maddi problemlər uzun müddət davam etdikdə ər-arvad arasında münaqişələr yaranır. Bu isə bəzi insanlarda psixoloji gərginliyi artıraraq aqressiv davranışlara səbəb olur. Təəssüf ki, bəzi hallarda bu zorakılıq ağır cinayətlərlə də nəticələnə bilir.

Kapitalizm dövründə insanların gözləntiləri də dəyişib. Hər kəs daha yaxşı yaşamaq istəyir, lakin hər ailənin buna imkanı olmur. Bu isə bəzi ailələrdə məyusluq, stress və qarşılıqlı ittihamları artırır.

Digər səbəblərdən biri ailədaxili münasibətlərdə yaranan anlaşılmazlıqlardır. Hesab edirəm ki, ailədə qarşılıqlı hörmət və hər kəsin öz məsuliyyətini dərk etməsi çox vacibdir. Kişi ailənin məsuliyyətini daşıyan şəxs kimi öz vəzifəsini yerinə yetirməli, qadın isə ailə daxilində qarşılıqlı hörmət və anlaşma mühitinin qorunmasına çalışmalıdır. Ailə rəqabət meydanı deyil, əməkdaşlıq və qarşılıqlı anlayış üzərində qurulan bir institutdur. Tərəflər bir-birinə üstün gəlməyə deyil, bir-birini tamamlamağa çalışmalıdırlar.

Psixoloji baxımdan ictimai yerdə qadına zor tətbiq edən insanın davranışı göstərir ki, həmin şəxs emosiyalarını idarə etməkdə çətinlik çəkir, impulsiv davranır və qəzəbini sağlam şəkildə ifadə etməyi bacarmır. Belə insanlar bəzən özlərini güclü göstərmək və qarşı tərəfi alçaltmaq yolu ilə üstünlük qazanmağa çalışırlar. Əslində isə bu, güc deyil, psixoloji zəifliyin və özünənəzarətin olmamasının göstəricisidir.

Belə insanların sosial qınaqdan çəkinməməsinin səbəblərindən biri də cəmiyyətdə bəzi mənfi halların getdikcə adiləşməsidir. Sosial şəbəkələrdə gündəlik olaraq dava, təhqir və zorakılıq görüntüləri ilə qarşılaşan insanlar zaman keçdikcə bu hadisələrə əvvəlki qədər həssas yanaşmırlar. Mənəvi və əxlaqi dəyərlərin zəifləməsi də bu prosesə mənfi təsir göstərir.

İctimai yerdə qadına qarşı zorakılıq isə tamamilə yolverilməzdir. Ailədaxili problem varsa, o, hüquq və əxlaq çərçivəsində, ailə daxilində və ya müvafiq mütəxəssislərin köməyi ilə həll edilməlidir. İnsanların gözü qarşısında qadını təhqir etmək və ya ona fiziki zor tətbiq etmək həm qadının şəxsiyyətini alçaldır, həm də cəmiyyətə mənfi nümunə göstərir.

Heç bir insan öz anasına, bacısına və ya qızına qarşı ictimai yerdə zorakılıq edilməsini istəməz. Elə isə başqasının anasına, bacısına və ya həyat yoldaşına qarşı da eyni davranış yolverilməzdir. Bu məsələdə həm dini, həm hüquqi, həm də vicdani məsuliyyət var.

Bu cür halların qarşısının alınması üçün cəmiyyət, ailə və təhsil sistemi birlikdə fəaliyyət göstərməlidir. Ailədə uşaqlara kiçik yaşlardan hörmət, mərhəmət və məsuliyyət hissi aşılanmalı, məktəblərdə mənəvi dəyərlər və sağlam ailə münasibətləri təbliğ olunmalı, cəmiyyət isə zorakılığa qarşı barışmaz mövqe nümayiş etdirməlidir. Çünki zorakılığın qarşısını yalnız qanunlarla deyil, eyni zamanda sağlam ailə tərbiyəsi, güclü mənəvi dəyərlər və yüksək ictimai məsuliyyət hissi ilə almaq mümkündür".