Yay tətili uşaqların istirahəti, əylənməsi və psixoloji cəhətdən dincəlməsi üçün vacib dövrdür. Lakin uzunmüddətli fasilədən sonra yenidən məktəb rejiminə qayıtmaq bir çox şagird üçün asan olmur. Mütəxəssislərin fikrincə, məktəbin başlamasına bir neçə həftə qalmış uşağın gündəlik həyat tərzinin tədricən dərs rejiminə uyğunlaşdırılması adaptasiya prosesini xeyli asanlaşdırır.
SİA mövzu ilə bağlı araşdırma edib.
-1694670265.jpg)
Məktəbə qayıdışa psixoloji hazırlıq vacibdir
Psixoloqlar bildirirlər ki, uşağa məktəbin başlanacağı barədə əvvəlcədən məlumat vermək və onu bu prosesə mərhələli şəkildə hazırlamaq lazımdır. Valideynlər ötən tədris ilində öyrənilən mövzuları oyunlar, söhbətlər və müxtəlif əyləncəli fəaliyyətlər vasitəsilə xatırlada bilərlər. Bu yanaşma həm biliklərin möhkəmlənməsinə, həm də məktəb mühitinə yenidən alışmağa kömək edir.
Dərs ləvazimatlarının seçimi motivasiyanı artırır
Məktəbə hazırlıq prosesinin maraqlı hissələrindən biri də dəftərxana ləvazimatlarının alınmasıdır. Uşağın zövqünə uyğun dəftər, qələm, çanta və digər vasitələrin birlikdə seçilməsi onda yeni tədris ilinə qarşı müsbət emosiyalar formalaşdıra bilər. Bu proses uşağın məktəbə marağını artıran motivasiya vasitələrindən biri hesab olunur.

Dostlarla ünsiyyət məktəb həsrətini azaldır
Yay tətili ərzində sinif yoldaşları ilə ünsiyyətin azalması bəzi uşaqlarda sosial adaptasiyanı çətinləşdirə bilər. Buna görə də məktəbin açılışı ərəfəsində dostlarla görüşlərin təşkili, birgə fəaliyyətlərin həyata keçirilməsi uşağın məktəb mühitinə daha rahat qayıtmasına kömək edir.
Yuxu rejimi tədricən dəyişdirilməlidir
Mütəxəssislər məktəb başlamazdan ən azı iki həftə əvvəl uşağın yuxu rejiminin tədricən dəyişdirilməsini tövsiyə edirlər. Gec yatmaq vərdişinin aradan qaldırılması və səhər erkən oyanmağa alışdırılması dərs günlərində yorğunluğun və diqqət dağınıqlığının qarşısını ala bilər.
Nizam-intizam vərdişləri yenidən formalaşdırılmalıdır
Məktəb rejiminə uyğunlaşma üçün gündəlik planın bərpası böyük əhəmiyyət daşıyır. Uşağın idman, rəsm, musiqi və ya digər kurslara cəlb olunması onda məsuliyyət hissini və vaxtın düzgün idarə edilməsi bacarığını inkişaf etdirərək məktəb nizam-intizamına uyğunlaşmasını asanlaşdıra bilər.
Yay tətilində öyrənilənlər unudulmamalıdır
Xüsusilə xarici dillə bağlı biliklər uzun fasilə zamanı zəifləyə bilər. Bu səbəbdən mütəxəssislər uşaqların yaşına uyğun xarici dildə kitab oxumasını, maarifləndirici videolar izləməsini və öyrəndiklərini mütəmadi təkrar etməsini tövsiyə edirlər.

Yeni dərs ilinə maraq yaradın
Valideynlər uşaqlara yeni sinifdə öyrənəcəkləri fənlər, əldə edəcəkləri biliklər və məktəbdə onları gözləyən maraqlı fəaliyyətlər barədə danışmalıdırlar. Bu, xüsusilə aşağı sinif şagirdlərində öyrənməyə marağın və motivasiyanın artmasına müsbət təsir göstərir.
Əgər uşaq tətilin bitməsinə görə məyusdursa, valideynlər onu yeni dərs ilində qarşılaşacağı maraqlı hadisələr, əldə edəcəyi uğurlar və qarşıdakı tətil günləri haqqında söhbətlərlə həvəsləndirə bilərlər. Ailə üzvlərinin öz məktəb xatirələrini bölüşməsi də uşağın məktəbə münasibətinin müsbət formalaşmasına kömək edir.
Psixoloq: Uzun tətillər motivasiyanı azalda bilər
Türkiyəli psixoloq Engin Dəniz hesab edir ki, uzun yay tətili bəzi uşaqlarda məktəb motivasiyasının zəifləməsinə səbəb ola bilər. Onun fikrincə, tədris ilinin daha çox dövrə bölünməsi və daha qısa fasilələrin verilməsi şagirdlərin məktəb mühitindən uzaqlaşmasının qarşısını ala bilər.
Psixoloqun sözlərinə görə, yay tətilində uşaqların məktəbdən və dostlarından uzun müddət ayrı qalması onların sosial və emosional uyğunlaşmasına mənfi təsir göstərə bilər. Günün böyük hissəsini televiziya, kompüter və digər elektron cihazlar qarşısında keçirən uşaqlarda isə məktəbə qayıdış zamanı adaptasiya problemləri daha çox müşahidə olunur.
İlk həftələr uğurlu tədris ilinin təməlidir
Engin Dəniz vurğulayır ki, məktəbin ilk həftələri uşağın bütün tədris ili ərzində göstərəcəyi nəticələrə ciddi təsir edir. Məktəbə mənfi münasibətlə başlayan, sinfini və dostlarını sevməyən, hər səhər məktəbə getmək istəməyən şagirddən yüksək akademik nəticə gözləmək çətindir.
Psixoloqun fikrincə, valideynlər məktəbin açılmasına bir neçə həftə qalmış uşağın yuxu rejimini, qidalanmasını, gündəlik fəaliyyətini və asudə vaxtını məktəb rejiminə uyğunlaşdırmalıdırlar. Eyni zamanda, uşağın məktəb alış-verişində iştirak etməsi, ötən tədris ilində yaranmış bilik boşluqlarının aradan qaldırılması, yeni fənlər barədə məlumatlandırılması və qarşıdakı dərs ili üçün real hədəflərin müəyyənləşdirilməsi onun motivasiyasını və məktəbə uyğunlaşmasını əhəmiyyətli dərəcədə artırır.
Ayşən Vəli