Oyuna yaxşı hazırlaşmışıq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Orxus” klubunun baş məşqçisi Yakop Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada “Sabah”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan təmsilçisinin yaxşı komanda olduğunu bildirib: “Rəqibimiz Azərbaycanın ən güclü komandası olan və ötən mövsüm Çempionlar Liqasında uğurlu çıxış edən “Qarabağ”ı qabaqlayaraq ölkə çempionu olub. Buna görə də “Sabah” güclü rəqibdir. Hücum xətti yüksək səviyyədədir. Komanda müdafiədə də sabit çıxış edir və rəqiblərə qol fürsətləri yaratmağa imkan vermir. Bu mənada, sabah bizi nələrin gözlədiyini bilirik”.
Qeyd edək ki, avqustun 5-də Randers stadionunda keçiriləcək "Orxus" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.